Masallıda daha bir kənd orta məktəbi bağlandı

Masallıda daha bir kənd orta məktəbi bağlandı

Masallının Məmmədoba kənd orta məktəbinin fəaliyyəti bu ildən dayandırılıb.

Kənd məktəbinin müəllim və şagirdləri qonşu Tüklə kəndində yerləşən məktəbə köçürülüb.

Bu isə həm valideynlərin, həm də şagirdlərin narazılıgına səbəb olub. Kənd sakinləri deyirlər ki, 1992-ci ildən Məmmədobada 9 illik məktəb fəaliyyət göstərir. Burada 50-ə yaxın şagirdin təhsil alması üçün 15 müəllim çalışırdı. Yerləşdiyi bina köhnə və yararsız olsa da onlar övladlarının təhsilini ancaq bu məktəbdə davam etməsini istəyirlər.

Məmmədoba kənd sakinləri deyirlər ki, övladlarının təhsil almaları üçün onlara təklif edilən məktəb qonşu kənddədir. 5 km məsafədə yerləşdiyindən bu da şagirdlərin məktəbə gediş-gəlişində müəyyən cətinliklər yaradacaq. Ən böyük çətinlik isə qış aylarında olacaq.

Sözügedən məktəblə bağlı Masallı Rayon Təhsil Şöbəsinin müdir müavini Samit İslamov açıqlama verib. Bildirib ki, məktəb köhnə və yararsız binada yerləşdiyindən, eləcə də müasir tələblərə cavab vermədiyindən Təhsil Nazirliyinin rasionallaşma ilə bağlı müvafiq sərəncamına əsasən fəaliyyəti dayandırılıb.

Samit İslamov onu da bildirib ki, qış aylarında Məmmədoba kəndindən olan şagirdlərin Tüklə kəndindəki məktəbə getməsi üçün əraziyə avtobus xətti əlavə oluncaq. Onu da qeyd edək ki, Masallı rayonunda ümumtəhsil müəssisələrinin rasionallaşdırılması və təhsil infrastrukturunun səmərəli istifadəsi tədbirləri çərçivəsində bu il rayonda 3 məktəbin fəaliyyəti dayandırlıb.