Mart hadisələrindən daha ağır vəhşiliklər Xocalıda törədilib – Tarixçi

Xəbər - İlhamə İsabalayeva – Trend:

1918-ci il mart hadisələrindən daha ağır vəhşiliklər 1992-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ regionundakı Xocalı şəhərinin əhalisinə qarşı Ermənistan dövləti tərəfindən həyata keçirilib.

Bunu AzerTimes-a Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə deyib.

Onun sözlərinə görə, 1918-ci ilin martında Bakıda qırğınlar azərbaycanlıların düşünülmüş və sistematik şəkildə, tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilmişdi:

“BMT-nin 1948-ci ildə “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya”nı qəbul etməsinə, sivil dünyanın onu pisləməsinə, tarix boyu soyqırımların bəşəriyyətə böyük itkilər gətirdiyinin etirafına baxmayaraq azərbaycanlılara qarşı soyqırım cinayətləri davam edib. Təəssüf ki, XX əsrin sonlarında ermənilər tərəfindən belə bir cinayət bir daha törədilib”.

E.Kəlbizadənin sözlərinə görə, tədqiqatlar 1918-ci ilin martında Bakıda azərbaycanlı əhaliyə qarşı cinayətlərinin əsas icraçılarının ermənilər olduğunu göstərib. Belə bir soyqırım aktının əvvəlcədən planlaşdırıldığını V.İ.Lenin tərəfindən Qafqaz üzrə fövqəladə komissar təyin olunmuş Stepan Şaumyanın həmin ilin fevralında “Bakinskiy raboçi” qəzetində çap edilmiş məqaləsi də göstərir. Məqalədə S.Şaumyan açıq şəkildə yazırdı ki, Azərbaycanın muxtariyyətini arzulayan və bunun üçün mübarizə aparan qüvvələr “bir yığın xarabalıq” əldə edəcəklər. Bunun üçün bolşeviklər Bakıdakı Erməni Milli Şurasına qırğınları törədəcək hərbi dəstələri hazırlamaq üçün tam dəstək verirdi. Qafqaza ermənilərdən ibarət ordu hissələrinin və erməni döyüşçülərinin göndərilməsi prosesinə Petroqraddakı ən yüksək hərbi rütbəli ermənilər rəhbərlik edirdilər. Qırğınlardan əvvəl Bakıya zirehli qatarlar, avtomobillər, texniki avadanlıqlar və s. göndərilmişdi. Cəbhdən qayıdan erməni əsgər və zabitlərinə Bakıda toplanmaları və lazım olan anda döyüşlərə hazır olmaları ilə bağlı Erməni Milli Şurası tərəfindən müraciət ünvanlanmışdı:

“Arxiv sənədləri ilə tanışlıq göstərir ki, azərbaycanlılara qarşı törədilən qanlı qırğınlar Bakı şəhərində yaşayan və ya buraya müxtəlif məqsədlərlə səfər etmiş digər millətlərin nümayəndələrində də dəhşətli təəssürat oyatmışdı. 1918-ci ilin sonlarında törədilən hadisələri təhqiq etmək üçün yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində də bu öz əksini tapıb. Məsələn, soyqırımı ilə bağlı ən dəhşətli faktlardan biri Balaxanıda yaşayan Gürcüstan vətəndaşı 22 yaşlı Levan Qoqoberidzenin ifadəsi idi. İfadədən aydın olurdi ki, Balaxanı kəndində Ayrapet Surgulyantsın başçılıq etdiyi silahlı ermənilər mülki əhalinin yaşadıqları evləri zirehli qatarlardan və tüfənglərdən istifadə etməklə atəşə tutmuşdular. Erməni hərbi dəstələri nəinki onlara müqavimət göstərə biləcək yaşda olanları, hətta uşaqları da qətlə yetirmişdilər. Hadisələrin başqa bir şahidi Polşa vətəndaşı olan Leon Dolevski ermənilər tərəfindən şəhərdə mətbəə və ticarət mərkəzlərinin yandırılması barədə məlumat vermişdi. Persiyadan gəlmiş Tağı Ələkbərzadə adlı başqa bir şəxs isə ermənilər tərəfindən içərisində 50 nəfərin olduğu “Dağıstan” mehmanxanası və onunla üz-üzə yerləşən, içərisində 100 nəfər müsəlmanın olduğu Karvansaray mehmanxanasını yandırmaları barədə istintaqa məlumat vermişdi”.

Teqlər: