Lüksemburqdakı soydaşlarımız beynəlxalq ictimaiyyəti Ermənistanın əməllərinə sərt reaksiya göstərməyə çağırıb

Ermənistanın mina cinayətinin qurbanı olan azərbaycanlı jurnalistlərlə bağlı beynəlxalq təşkilatlara müraciət edən diaspor təşkilatlarının sırasına Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan–Lüksemburq Mədəniyyət Assosiasiyası da qoşulub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-ə verilən məlumata görə, Avropa Şurası, “Amnesty İnternational”, BMT-nin İnsan haqları üzrə Ali Komissarılığı, “Human Rights Watch” və digər beynəlxalq təşkilat və media qurumlarına ünvanladığı bəyanatda “Qarabağ” Azərbaycan–Lüksemburq Mədəniyyət Assosiasiyası nəzərə çatdırıb ki, 2021-ci il 4 iyun tarixində Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşərək həlak olması Ermənistan hakimiyyətinin cinayətkar mahiyyətini bir daha sübuta yetirir. Bütün beynəlxalq konvensiyalara və əldə olunmuş razılıqlara zidd olaraq, 30 ilə yaxın müddətdə işğalçılıq yolu tutmaqla, mina xəritələrini verməkdən imtina etməklə Ermənistan bölgədə sülhün və əmin-amanlığın yaranmasında maraqlı olmadığını göstərir.

Assosiasiya üzvləri beynəlxalq təşkilatları və nüfuzlu media qurumlarını bu məsələ ilə bağlı qətiyyətli və prinsipial mövqe nümayiş etdirməyə çağırıb: “Biz, Avropa azərbaycanlıları olaraq hesab edirik ki, sizin verəcəyiniz sərt reaksiya Ermənistanı tutduğu mövqedən əl çəkməyə vadar edə bilər”.

Teqlər: