Lüksemburq siyasi partiyalara yeni maliyyə sponsorları tapmaq üçün erməni diasporunun diqqətini cəlb etməyə çalışır – Deputat

Lüksemburqda baş verən son hadisə – “Qarabağ” Mədəniyyət Mərkəzinə qarşı vandalizm, binanın şüşələrinin sındırılması son dövrlərdə bu ölkə tərəfindən Azərbaycana qarşı həyata keçirilən yeganə addım deyil. II Qarabağ müharibəsi zamanı işğalçı dövlətə dəstək verən ölkələrdən biri məhz Lüksemburq olmuşdur. Hətta müharibə bitdikdən sonra belə siyasi məsələlərin məğzinə varmadan qərəzli mövqe tutan Lüksemburq mətbuatı hələ də Azərbaycana qarşı ittihamçı məqalələrlə çıxış edir. İki gün bundan qabaq – 17 may tarixində “Luxemburger Wort” qəzetində Ermənistan-Azərbaycan sərhədində mövcud demarkasiya məsələləri ilə bağlı məqalə dərc olunmuşdur. Məqalədə müəllif Qarabağ müharibəsindən altı ay sonra Azərbaycanın Ermənistan ərazisinə hədə yaratdığını oxucularına bildirir. Ondan qabaq isə 28 mart tarixində qəzet, N. Paşinyanın yeni seçkilər naminə istefa verdiyi və iyunda keçiriləcək seçkilər haqqında məqalə dərc etmişdir. Təbii ki, bütün bu faktlar Avropanın cırtdan dövlətinin hansı səbəbdən uzaq Cənubi Qafqaz regionuna bu qədər diqqət ayırması haqqında suallar yaradır.

Bu sözləri Milli Məclisin Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Tamam Cəfərova AzerTimes-a açıqlamasında deyib.

Onun sözlərinə görə, sualın cavabını tapmaq üçün məsələyə fərqli bucaqlardan baxmaq lazımdır. Böyük Britaniya Avropa İttifaqını tərk etdikdən sonra Aİ parlamentində qalan 705 deputatdan cəmi 6-sı Lüksemburqdan təmsil olunur. Lüksemburq beləlikdə digər iki cırtdan dövlət olan Malta və Kipr ilə Avroparlamentdə ən zəif mövqelərə malik ölkədir. Ermənistanda qarşıda gələn seçkilərdə qərbyönümlü siyasətçi olan N. Paşinyanın qələbəsinə töhfə vermək üçün bir çox ölkələr Azərbaycanı tənqid edərək Ermənistan hakimiyyətinə belə formada öz köməyini ifadə etmək istəyirlər. Biz bu dəstəyi Fransa prezidenti E. Makronun sərhəd məsələsinə görə öz facebook hesabından erməni dilində dəstək postunu paylaşmasında müşahidə edə bilərik. Avropanın xarici siyasətinin formalaşmasında hər hansı bir əhəmiyyətli rola malik olmayan Lüksemburq da bu dalğaya qoşularaq Azərbaycana qarşı təzyiq, Ermənistana isə dəstək ifadə etməklə özünü Avropa məkanında vacib aktor kimi qələmə verməyə çalışır.

Başqa bir səbəb Avropada tədricən öz mövqelərini itirən erməni diasporunun maliyyə resurslarını özünə cəlb etmək istəməsi ilə bağlıdır. Beləki, II Qarabağ müharibəsində parlaq qələbədən sonra Azərbaycanın azad olunmuş ərazilərində bərpa işlərinə bir çox Avropa ölkələri dəvət olunmuşlar. Digər Avropa ölkələri isə regionda planlaşdırılan regional layihələrdə iştirak etmək üçün Azərbaycana münasibətdə siyasətinə düzəlişlər edirlər. Hətta ermənilərin bütün ümidlərinə rəğmən Azərbaycana qarşı 907-ci düzəlişi işə salmayan, digər prezidentlər kimi onu donduran Amerika prezidenti C. Bayden də erməni diasporunu məyus etmişdir. Bütün bunların fonunda erməni diasporu öz mövqelərini qorumaq üçün siyasi və iqtisadi resurslarını yenidən bölüşdürmək istəyir. Bu konteksdə siyasi partiyalara yeni maliyyə sponsorları tapmaq üçün Lüksemburq, erməni diasporunun diqqətini cəlb etmək üçün Azərbaycana qarşı siyasi təzyiqlər edir, Azərbaycana qarşı vandalizm aktı törədənlərə qarşı isə ciddi hüquqi tədbirlər həyata keçimir.

Daha bir izah bəzi qüvvələrin artıq həll olunmuş Dağlıq Qarabağ münaqişəsinin yenidən dirçəltmək və süni olaraq uzatmaq istəməsi ilə bağlıdır. Başa düşdüyümüz kimi, Dağlıq Qarabağ münaqişəsinin həll olunması ATƏT-in Minsk qrupunu qeyri-aktual edib, onun vasitəsilə regiona kənar qüvvələrin təsir etmə imkanlarını məhdudlaşdırır. Cənubi Qafqazda təsir imkanlarını itirmək istəməyən bəzi qüvvələr isə öz növbəsində birbaşa və ya Lüksemburq kimi kənar dövlətlər vasitəsilə regionda gərginliyi süni sürətdə saxlamağa çalışmaqla Minsk qrupunun mövcudluğunun qorunması üçün münasib şərait yaradırlar.

Millət vəkili xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə Lüksemburq, həmçinin Kanada dövlətlərinin anti-Azərbaycan siyasətini kəskin tənqid edib: “Onların siyasəti başqa dövlətlərin işlərinə qarışmaqdır və bu, beynəlxalq hüquqa daban-dabana ziddir. Təəssüf ki, beynəlxalq hüquqdan eninə-uzununa danışan dövlətlər özləri buna zidd addımlar atırlar. Həmin dövlətciklərdən biri də məhz Lüksemburqdur. Onun davranışı hesab edirəm ki, heç kim üçün əhəmiyyətli deyil. Bu ölkə beynəlxalq məclisdə zalı tərk edən, amma heç kimin diqqətini özünə cəlb etməyib yenidən iclasa qayıdan dövlətlərə bənzəyir. Onların səsi-sədası beynəlxalq siyasətdə heç bir təsir gücünə malik deyil. Sadəcə hay-küy qoparmaq, hay-həşir salmaqla cırtdan dövlət beynəlxalq ictimai fikri özünə cəlb etmək istəyir, ya da dünyadakı erməni lobbisinin diqqətini çəkmək fikrindədir, yaxud ianələr almaq, “mən varam” fonunu yaratmaq istəyir. Hamısı fikrimcə, utopiyadır və belə dövlətlərin siyasəti heç bir halda Cənubi Qafqazın siyasətinə təsir edə bilməz. Azərbaycanın işi haqq işidir və biz öz yolumuzla gedirik”.

Teqlər: