Lənkəran meşəsində ağaclar məhv edilib? – Nazirlikdən açıqlama

Xəbər - Çingiz Səfərli -Trend:

Lənkəran rayonunda meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə açıq meşə fondu torpağı Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında çayçılığın inkişafı məqsədilə çay bağının salınması üçün “Beta Tea” şirkətinə qanunauyğun şəkildə icarəyə verilib.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətindən məlumat verilib. Xidmət rəisi Namik Xıdırovun sözlərinə görə, ərazi kol-kos basmış quru sahələrdən və talalardan ibarət olub, ərazidə ağac kəsilməsi faktı olmayıb, olmayacaq.

“Ağacların məhv edilməsindən söhbət gedə bilməz. Sözügedən ərazidəki talalar yanğına səbəb ola biləcək kol-kosdan, qurumuş ağaclardan təmizlənir. Ərazi nəzarətə götürülüb”.

Qeyd edək ki, sosial şəbəkələrdə Lənkəranın Haftoni kəndi yaxınlığında düzən meşələrin məhv edildiyinə dair ittihamlar yer alıb.

Teqlər: