Lavrov Tovuz döyüşlərinə görə Ermənistanı ittiham etdi

Lavrov Tovuz döyüşlərinə görə Ermənistanı ittiham etdi

Rusiyanın “Trud” qəzetinə müsahibə verən Xarici İşlər naziri Sergey Lavrov iyul ayında Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlərlə bağlı danışıb.

Jurnalistin döyüşlərlə bağlı sualını cavablandıran XİN rəhbəri yaranmış vəziyyətə görə Ermənistanı günahlandırıb.

Belə ki, nazir jurnalistin “Azərbaycan – Ermənistan sərhədində növbəti şiddətlənmənin arxasında nə dayanır və onun genişmiqyaslı hərbi münaqişəyə çevrilmə ehtimalı nə qədərdir?” sualına cavab olaraq deyib: “Bu döyüşlərin arxasında bir sıra kompleks səbəblər dayanır. Əsası, şübhəsiz ki, həll olunmamış Qarabağ problemidir. Üstəlik, sərhədin hər iki tərəfindəki ictimai məkanın qeyri-adi dərəcədə istiləşməsi. Coğrafi amil də bir növ təhrikedici rol oynadı: Ermənistan tərəfinin Azərbaycanın ixrac boru kəmərlərindən 15 kilometr məsafədə yerləşən köhnə sərhədyanı Nəzarət Keçid Məntəqəsini reanimasiya etmək qərarı bir tərəfdə yüksək narahatlıq yaratdı, digər tərəfin (Ermənistan – red.) qeyri-adekvat reaksiyası nəticədə ən gözlənilməz nəticələrə yol açdı”.

Lavrov qeyd edib ki, vəziyyəti sabitləşdirmək üçün iyulun 13-də Rusiya Xarici İşlər Nazirliyi tərəfləri dərhal atəşkəsə çağırıb, həmçinin Azərbaycan və Ermənistandakı həmkarları ilə telefon danışığı aparıb və Rusiyada hər iki ölkənin diaspor təşkilatlarının nümayəndələri ilə görüşüb.

O bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinin vaxtından əvvəl bərpa olunacağını gözləyir.

“Biz bu barədə ATƏT-in Minsk Qrupundakı tərəfdaşlarımızla birlikdə işləyirik”, – deyə Lavrov qeyd edib.