Köçəryanın seçkiqabağı kampaniyaya Rusiyadan başlamasının pərdəarxası – ŞƏRH

Xəbər - Elçin Mehdiyev – Trend:

Ermənistanın sabiq prezidenti R.Köçəryanın Ermənistandakı seçkiqabağı kampaniyasına Rusiyadan başlamasını analiz etsək, heç şübhəsiz ki, əvvəla qeyd etməliyik ki, bu ölkə, onun fiqurları müstəqil xarici siyasət yürütməkdə, seçkidə öz xalqının səsinə güvənməkdə o qədər acizdirlər ki, pənahı yenə kənarda axtarır, aqibətlərinin, iplərinin başqalarının əlində olduğunun acı reallığını bilirlər. Digər bir yandan da Köçəryanın Rusiya telekanalına müsahibəsi onun əsl simasının bir daha ortaya qoyulması ilə nəticələndi.

Bunu AzerTimes-a politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova qeyd edib ki, bu müsahibənin efirə getməsi ilə bağlı pərdəarxası məqamlar xəbər verir ki, verilişin efirə getməməsi üçün Paşinyan komandasının Rusiyanın “Birinci kanal”ı ilə danışıqları səmərəsiz qalıb:

“Eyni zamanda, Poznerin Koçaryan haqqında Ermənistanın ikinci, Dağlıq Qarabağın isə birinci prezidenti kimi təqdimat verərək verilişə başlaması göstərir ki, Rusiyanın rəsmi və hakimiyyətyönlü mediası rəsmi Moskvanın, Prezident V.Putinin mövqeyinə zidd təbliğat aparır. Köçəryan özü çox gözəl bilir ki, rəsmi Moskvanın 10 noyabr ərəfəsində tutduğu mövqe dəyişməzdir. Bu səbəbdən əli günahsız insanların qanına batmış cəllad Köçəryan seçkiqabağı dövrdə revanş haqqında məsələləri “kənara qoymağa”, özünü guya “siyasi dialoq tərəfdarı kimi” yeni siyasi cilddə təqdim etməyə çalışır. Əslində isə Köçəryanın nə qədər hiyləgər siyasətçi olduğu veriliş boyu üzündə əks olunmuşdu. Belə ki, Köçəryan hal-hazırda “10 noyabr bəyanatı”nın tətbiq edilməməsi üçün Ermənistanda revanşizmi alovlandırmağa çalışır”.

Politoloq vurğulayıb ki, müharibə cinayətkarı R.Köçəryan V.Poznerə müsahibəsində 30 illik dövrdə əsas nailiyyətinin nədən ibarət olduğuna dair suala cavab verə bilmədi:

“Çünki birmənalı olaraq Köçəryan hər zaman Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan torpaqlarının işğal edilməsi ilə, günahsız insanların qətlə yetirilməsi ilə qürurlanıb və bunu erməni xalqı qarşısında öz xidməti kimi təqdim edib. Köçəryan hakimiyyətdə olduğu zaman çərçivəsində və ondan sonrakı məqamlarda öz adını ermənilik ideologiyasına böyük hərflərlə yazdırmağa çalışıb. Faşist ideologiyasını təbliğ edərək özünü Qareqin Njde ilə müqayisə etdirib, erməni xalqı qarşısında guya tarixi missiya yerinə yetirməklə fəxr edib.

Köçəryan, Njdeni, özünü nümunə gətirərək erməni gənclərinin, gələcək nəsillərin qarşısında vəzifələr müəyyənləşdirirdi. Vətən müharibəsində Prezident İlham Əliyev sadəcə Paşinyanı, Ermənistanı diz çökdürmədi. Uzun illər Ermənistana rəhbərlik etmiş, torpaqlarımızı işğal etmiş, Azərbaycan xalqına qarşı Xocalı soyqırımını törətmiş cəlladlara, cinayətkarlara – Köçəryana və Sarkisyana da dərs verdi, onların ordusunu məhv etdi. Prezident İlham Əliyevin qətiyyətindən, əzmindən, şanlı Azərbaycan Ordusunun gücündən qorxan Köçəryan və Sarkisyan bir dəfə də olsun Qarabağ ərazisinə heç burunlarını belə soxa bilmədilər, qaçdılar. Döşlərinə taxdıqları saxta “qəhrəman” ordenləri, dəmir-dümürləri də köməklərinə gələ bilmədi. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi Koçaryanı “0 nöqtəsi”nə qaytardı. Artıq onun deməyə sözü yoxdur.

Müsahibəsində “xəyanəti bağışlamıram” deyən Köçəryan Ermənistanın hal-hazırda düşdüyü durumu tamamilə Paşinyanın ayağına yazır. Ordu quruculuğuna uzu illər sərf olunur. Paşinyanın hakimiyyətdə olduğu iki illik zaman kəsiyində ordu quruculuğu ilə məşğul olması absurddur. Bu bədbəxt Köçəryanın ağlından çıxıb ki, Ermənistanın ordusu hansı rejimin hakimiyyəti illərində qurulub, o rejim, o ordu ki, məhz elə Köçəryan-Sarkistan cütlüyü tərəfindən formalaşdırılıb, qonşu dövlətin ərazisini işğal edib, əli silahsız, ayağı yalın insanları elə Köçəryanın özü qırıb. Təbii ki, Köçəryanın bu addımı bütün günahı Paşiyanın üstünə atmaqla guya özünü erməni xalqını düşünürmüş kimi qələmə verməsindən irəli gəlir.

Əslində isə, hər bir kəsə məlumdur ki, Köçəryan hakimiyyətə gəlmək üçün şəxsi ambisiyalarına xidmət edir. Bildirir ki, hazırki hakimiyyət müharibə zamanı “irəli gedirik” deməklə bütün müharibə boyu xalqı aldadıb. Belə idisə, Köçəryanın özü niyə müharibə vaxtı bir dəfə də olsun xalqına düzgün məlumat vermədi? Ya da belə xalqını düşünən idisə, dəmir-dümürünü sinəsinə taxıb səngərə yollanmadı. Ya da vaxtilə Paşinyan “Qarabağ Ermənistandır.” deyəndə, ya da Tonayan “yeni ərazilər uğrunda yeni müharibə” sərsəm açıqlaması verəndə niyə bildirmirdi ki, bu kimi əməllər danışıqları tamamilə sıfıra endirirdi.

Bunlara cavab vermək əvəzinə Köçəryan Paşinyanın Rusiyaya xəyanət etdiyini göstərməklə, özünün Rusiyaya sədaqətini sübut etməyə getmişdi. Beləliklə də, bulanıq bir məqam yaradaraq guya öz ağlı ilə qeyd edir ki, revanşist ideyası yoxdur, hal-hazırda da Ermənistanın müharibə aparacaq ordusu mövcud deyil, beləliklə də arada qazanc əldə edərək Rusiyadan dəstək alaraq yenidən hakimiyyətə gəlmək eşqi ilə yaşayır. Buna görə də hər vəchlə Rusiyadan bərk əllə yapışır”.

Teqlər: