Kiçik və orta biznes Rusiya-Azərbaycan ticarət dövriyyəsinin 90 faizini təmin edir – Orxan Məmmədov

Xəbər - Fidan Babayeva – Trend:

Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 90 faizini kiçik və orta biznes təmin edir.

Trend-in məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Peterburq beynəlxalq iqtisadi forumu çərşivəsində deyib.

O bildirib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşıdır:

“Biz “Rusiyanın Dayağı” təşkilatı, eləcə də Kiçik və Orta Sahibkarlıq Korporasiyasından olan həmkarlarımızla sıx əməkdaşlıq edirik, ortaq layihələrimiz mövcuddur. 2019-cu ildə Mahaçqalada biznes-forum təşkil edilib. Hazırda belə bir tədbirin Bakıda keçirilməsi planlaşdırılır. Əminliklə deyə bilərəm ki, iki ölkənin kiçik və orta sahibkarlıqla bağlı əməkdaşlığı yüksək səviyyədədir”,

Onun sözlərinə görə, pandemiya nəticəsində biznesin itkiləri kifayət qədər böyük olub:

“Post-kovid dövründə rəqəmsallaşmaya keçid mövzusu aktualdır. Pandemiya və qapanmalar dövründə şirkətlər o cümlədən kiçik və orta biznes onlayn iş rejiminə keçməli oldu. Azərbaycan hökuməti də bu keçiddə öz köməyini göstərib. Biz ödənişsiz məşğələlər keçirmişik, maliyyə dəstəyi göstərmişik. Azərbaycan ilk növbədə neft ölkəsidir. Eyni zamanda yaxın qonşularla, xüsusilə də Rusiya ilə ticarət bizim üçün böyük əhəmiyyət daşıyır. Qapanmalarla əlaqədar istehsal kəskin azalsa da, indi ticarət bərpa olunur və fikrimcə, biz 2019-cu ilin göstəricilərinə yaxınlaşacağıq”.

(Tərcümə: Orxan Nəbiyev)