Diqqət: Karantin şərtləri yumşaldılır

Diqqət: Karantin şərtləri yumşaldılır

Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Qəragahdan verilən məlumatda bildirilir ki, 2019-cu ilin dekabr ayından yayılan yeni növ koronavirus (COVID-19) xəstəliyi 2020-ci ilin mart ayından Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada pandemiya elan olunub. COVID-19 ilə mübarizə sahəsində hazırda əksər dövlətlərdə karantin rejimi tətbiq olunsa da, mövcud məhdudiyyətlər sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılır, karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edilir.
Nazirlər Kabinetinin 18 aprel 2020-ci il 144 saylı qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin müddəti uzadılıb. COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilib və 27 aprel 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib.

Beləliklə, ölkə üzrə 27 aprel 2020-ci il saat 00:00-dan etibarən:

1) “ASAN Xidmət” Mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır.

2) Aşağıda qeyd edilən iş və xidmət sahələrində fəaliyyət bərpa olunur:

● fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)
● kitab satışı
● qəzet satışı
● dəftərxana mallarının satışı
● çap və sürətçıxarma fəaliyyəti
● fotoatelye/fotostudiyalar
● fərdi mənzillərdə təmizlik xidmətləri
● dərzi xidmətləri
● kosmetika və ətriyyat satışı
● geyim satışı
● ayaqqabı və dəri məmulatlarının satışı
● qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti
● mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri
● kompüter avadanlıqlarının satışı və təmiri
● elektronika və məişət texnikasının satışı
● mebel satışı
● avtomobil satışı
● kimyəvi məhsulların satışı
● gül və bitki məhsullarının satışı
● kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı
● gübrə və aqrokimyəvi məhsulların satışı

Ticarət Mərkəzləri və “Mall”ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır.