Jurnalistlərin Kəlbəcərdə minaya düşərək həlak olması Ermənistanın xalqımıza qarşı növbəti cinayət əməlidir – Deputat

Xəbər - Elçin Mehdiyev – AzerTimes:

İyunun 4-də “Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimovun və Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin Kəlbəcər rayonunda vəzifə borcunu yerinə yetirərkən minaya düşərək həlak olmaları Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına qarşı növbəti cinayəti və terror əməlidir.

Bunu AzerTimes-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, Ermənistan bu cür çirkin əməlləri ilə regionda sülhün bərqərar olmasına ciddi əngəllər yaradır: “Ermənistan daha çox insanın həlak olması üçün hərbi əhəmiyyəti olmayan əraziləri də minalayıb və nəticədə mülki insanların həlak olmasına, ağır yaralanmasına səbəb olur. Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad olunmuş ərazilərdə 140 nəfərdən çox insan erməni işğalçılar tərəfindən basdırılmış minalara düşüb və 27 nəfər həlak olub. Bütün bunlara görə məsuliyyət Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistanın bu əməlləri bütün beynəlxalq hüquqda cinayət olaraq tövsif olunur”.

Deputat təəssüflə vurğuayıb ki, beynəlxalq ictimaiyyət Ermənistanın bu cinayət əməllərinə göz yumur: “Azərbaycan tərəfi uzun müddətdir ki, Ermənistanın minalanmış ərazilərinin xəritələrini təqdim etməməsi və bunun acı nəticələr verəcəyi ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırır, bu məsələdə Ermənistana təzyiq göstərməyə çağırır. Lakin təəssüflər olsun ki, bu günə qədər beynəlxalq ictimaiyət Ermənistanın bu cinayət əməlinə göz yumur, Ermənistanın növbəti cinayətlər törətməsinə rəvac verir. Bu baxəmdan, hesab edirəm ki, Ermənistanın bu cinayət əməllərində beynəlxalq ictimaiyyətin də öz payı var”.

Teqlər: