İyunda hava necə olacaq?

İyun ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacaq.

AzerTimes-in məlumatına görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Xidmət rəsmisi bildirib ki, yayın birinci ayı olan iyun ayı ilin ən uzun günləri ilə fərqlənir:

“İyun ayı ərzində temperaturun tədricən yüksəlməsi müşahidə olunur. Son 30 illik məlumatların təhlili göstərir ki, birinci ongünlüyün ikinci yarısında temperatur qeyri-bərabər paylansa da, ayın 10-dan sonra mütləq maksimum temperatur xeyli artır. Ən isti iyun ayı 1998 və 2010-cu illərdə olub. Ən isti hava isə 2020-cı ilin iyunun 3-də Bakıda qeydə alınıb. Həmin gün havanın temperaturu 40,4 dərəcə təşkil edib. İyun ayında ən sərin hava isə 1996-cı ilin iyunun 2-də Bakıda qeydə alınıb. Həmin gün havanın temperaturu 8.1 dərəcə olub”.

U.Tağıyeva bildirib ki, bu il iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur:

“Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin nisbətən sabit keçəcəyi, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək”.

Teqlər: