İşsizlərə birdəfəlik 190 manat yardımı verilişi davam edəcək

İşsizlərə birdəfəlik 190 manat yardımı verilişi davam edəcək

Nazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında qərar verib.

Qərarda deyilir:

“Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin.”

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı əsasında ölkəmizdə pandemiya ilə əlaqədar 4,8 milyon vətəndaşı əhatə edən məşğulluğa və sosial rifaha dəstək tədbirləri həyata keçirilib.

Bu çərçivədə işsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal çalışan şəxslərdən ibarət aztəminatlılara aprel-may aylarında aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi proqramı icra olunub, həmçinin işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə, ünvanlı dövlət sosial yardımının verilmə müddəti bitənlərə, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə, əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara müvafiq ödənişlərin verilməsi müddətinin uzadılması təmin edilib.

Azərbaycan dövlətinin pandemiya dövründə öz vətəndaşlarına ardıcıl sosial dəstəyinin davamı olaraq Nazirlər Kabineti 23 iyun 2020-ci il tarixli daha bir Qərar qəbul edib.

Qərara əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə eyni məbləğdə ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək.

Ödəmə həmin şəxslərin banklar tərəfindən təqdim edilmiş bank kartlarına köçürüləcək.

Həmçinin Nazirlər Kabinetinin digər Qərarında ünvanlı dövlət sosial yardımının müddəti bitmiş aztəminatlı ailələrə, əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, peşə hazırlığı prosesində fasilə yaranan kursların müdavimlərinə ödənişlərin də davam etdirilməsi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll edəcək”.

Qeyd edək ki, qeydiyyatdan keçmiş və öncəki aylarda birdəfəlik yardım alan vətəndaşların yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur.