İsraildə Xocalı soyqırımına həsr olunmuş videokonfrans keçirilib

Xəbər - Trend6

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş beynəlxalq videokonfrans keçirilib.

Komitədən AzerTimes-a verilən məlumata görə, tədbirdə Milli Məclisin deputatları Rasim Musabəyov, Arzu Nağıyev, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak, “Azİz”in nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman, Maalot-Tarşix şəhərinin meri Arkadi Pomerants, mer müavinləri Mixail Barkan (Afula), Adam Amilov (Kiryat-Yam), Mixail Sutovski (Xolon) və Nyuma Raçevski (Kiryat Byalik), İsrail, Azərbaycan, ABŞ, Çexiya, Rusiya və Kanadada yaşayan izləyicilər iştirak ediblər.

Tədbir Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İsrailin “KAN-REKA” dövlət radiosunun jurnalisti Viktoriya Dolinskaya giriş sözü ilə konfransı açaraq, tədbir iştirakçılarına 1992-ci ilin fevralında baş verən dəhşətli hadisələr barədə ətraflı məlumat verib.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova Azərbaycan həqiqətlərinin İsraildə və dünyada fəal şəkildə təbliğ olunmasına görə “Azİz” assosiasiyasına minnətdarlığını bildirib.


Tədbirdə Rasim Musabəyov, Arzu Nağıyev, Lev Spivak, Yeganə Salman, Arkadi Pomerants, hüquq müdafiəçisi Elçin Axundzadə, I Qarabağ müharibəsindəki döyüşlərin şahidi Qriqori Reyxman və başqaları çıxış ediblər. Onlar 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalının dinc sakinlərinə qarşı törətdikləri dəhşətli qətliamı insanlığa sığmayan çinayət adlandırıblar. Azərbaycan xalqına başsağlığı verən israilli natiqlər, eyni zamanda 44 günlük Vətən müharibəsindən sonra erməni işğalçılarından torpaqlarını azad edən ölkəmiz üçün çox sevindiklərini, Azərbaycanın dövlət bayrağının yaşadıqları şəhərlərin mərkəzi küçələrində qürurla dalğalandırıldığını bildiriblər.

Sonra “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Xocalı qətliamının 29-cu ildönümü ilə əlaqədar İsrail Prezidentinə, Baş nazirinə, Avropa Parlamentinə, beynəlxalq təşkilatlara ünvanladığı bəyanat oxunub.

Tədbirdə litvalı rejissor Aleks Brokasın çəkdiyi “Sonsuz dəhliz” sənədli filmindən fraqmentlər nümayiş etdirilib, Çexiyada yaşayan azərbaycanlı şairə Leyla Bəyim Cəfərova Xocalı hadisələrinə həsr etdiyi şeirlərini səsləndirib.

Teqlər: