Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli yığmasının heyəti müəyyənləşib.

Azərbaycan millisinin baş məşqçisi Yaşar Vahabzadə yekun siyahıya 23 futbolçunun adını daxil edib.

Siyahıda ən çox oyunçu ilə Azərbaycan çempionatının 2016-2017-ci il mövsümünün qalibi Ağdamın “Qarabağ” komandası təmsil olunub.

“Bakı-2017”də millimizin şərəfini qapıçılar Emil Balayev (“Səbail”), Şahrudin Maqomedaliyev (“Qarabağ”), Tərlan Əhmədli (“Sumqayıt”), müdafiəçilər Məqsəd İsayev, Ruslan Abışov, Rahil Məmmədov (hamısı “Neftçi”), Yusif Nəbiyev, Azər Salahlı (hər ikisi “Sumqayıt”), Tellur Mütəllimov (“Qəbələ”), Adil Nağıyev, Sadiq Quliyev (hər ikisi “Zirə”), yarımmüdafiəçilər Fəhmin Muradbəyli (“Neftçi”), Mirabdulla Abbasov (“Sumqayıt”), Elşən Abdullayev, Coşqun Diniyev (ikisi də “Qarabağ”), Rəşad Sadiqov, Elvin Camalov (hər ikisi “Qəbələ”), Vüqar Mustafayev (“Zirə”), Azad Kərimov, Orxan Əliyev (hər ikisi “Kəpəz”), Elnur Cəfərov (“Duqopolye” Xorvatiya) və hücumçular Mahir Mədətov, Ağabala Ramazanov (ikisi də “Qarabağ”) qoruyacaqlar.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında səkkiz yığma komanda mübarizə aparacaq. “A” qrupunda yarışacaq millimiz mayın 8-də “Bayıl Arena”da Kamerun, mayın 11-də Səudiyyə Ərəbistanı, mayın 15-də isə Mərakeş yığmaları ilə qarşılaşacaq.