İşğalçı qonşularımız öz xislətlərindən əl çəkmək istəmirlər – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

44 günlük müharibədən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlar fonunda Ermənistanın 10 noyabr Bəyanatının tələblərinə əməl etməsi bu ölkənin yaşaması üçün bir təminat rolunu oynayır. Amma görünən odur ki, işğalçı qonşularımız öz xislətlərindən əl çəkmək istəmirlər.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib.

Deputat bildirib ki, Ermənistan rəsmilərinin bölgədə yaranan yeni reallıqla uzlaşmayan və sülhü hər hansı əsassız məsələlər ilə şərtləndirməyə çalışan bəyanatları, həmçinin son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş hadisələr, o cümlədən Qarabağda atəş səslərinin eşidilməsi deyilənləri təsdiqləyir. Yəni, bütün bunlar Ermənistanın qəsdən vəziyyəti gərginləşdirmək cəhdidir.

Deputat qeyd edib ki, Ermənistan vəziyyəti gərginləşdirməklə Azərbaycanı cavab addımlarına təhrik etməyə və daha sonra bundan istifadə edib günahlandırmağa çalışır: “Məhz bu konteksdə Avropa İttifaqı Komissiyasının Prezidenti Şarl Mişelin regiona səfəri öncəsi süni gərginliyin yaradılması heç də təsadüfi xarakter daşımır. Lakin bütün bunlar Ermənistana heç də xoş gələcək vəd etmir. Ermənistan müharibədən sonra həyata keçirdiyi təxribatların nəticələrini, 2020-ci ilin dekabrda Azərbaycanın həyata keçirdiyi anti-terror əməliyyatını unutmamalıdır. Düşmən ölkə bilməlidir ki, bu dəfə “dəmir yumruq” onlar üçün ölümcül olacaq”.

Deputat onu da vurğulayıb ki, Ermənistanın təxribatları eyni zamanda Rusiya sülhnəramlılarına qarşı yönəlib: “Ermənistan bu təxribatlarla onların missiyasının uğursuz olduğunu göstərməyə çalışır. Bu isə reginoda vəziyyətin gərginləşməsi ilə yanaşı, Rusiya-Ermənistan münasibətlrədində soyuqlaşmaya da yol aça bilər”.

Teqlər: