İrlandiyalılarla görüşə az qaldı

İrlandiyalılarla görüşə az qaldı

Şimali İrlandiya futbol üzrə milli yığması iyunun 10-da Bakıda Azərbaycan yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı ərəfəsində yoldaşlıq görüşünə çıxıb.

Rəqib Konfederasiyalar Kubokuna hazırlaşan Yeni Zelandiya olub.

Belfastdakı “Windsor Park”da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 6-cı dəqiqədə Liam Boys vurub. Konor Vaşinqtonun toy, Ceymi Uordun zədə ilə əlaqədar oyunu buraxdığı, klubsuz Kayl Laffertinin isə ehtiyatda qaldığı görüşdə Boys ilk dəqiqələrdən hücum xəttində yer alıb. Yığmada ilk qolunu vuran Forvard 46-cı dəqiqədə yerini Laffertiyə verib.

Qeyd edək ki, bu gün Şimali İrlandiya millisi Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. Dörd günlük hazırlıq prosesinin ardından britaniyalılar Bakıya səfər edəcəklər. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlanacaq.