İranda səs verən seçicilərin sayı 14 milyon nəfəri keçib

Xəbər - Elnur Bağışov – Trend:

İranda 13-cü çağırış prezident seçkilərində səsvermədə iştirak edən seçicilərin sayı yerli vaxtla 07:00-dan 16:45-dək 14 milyon nəfəri keçib.

Bu barədə AzerTimes İran mediasına istinadən məlumat verir.

Məlumata görə, beləliklə İranda prezident seçkilərində qeyd olunan vaxtda səsvermə sayı 23% təşkil edib.

Qeyd edək ki, bu gün İranda 13-cü çağırış prezident seçkiləri yerli vaxtla 07:00-da başlayıb. Seçkilərdə prezidentlik uğrunda 4 namizəd – İranın Məsləhət Şurasının katibi Möhsün Rzayi, İranın Məhkəmə Sisteminin sədri İbrahim Rəisi, İran parlamentinin sədr müavini Əmir Hüseyn Qazizadə Haşemi və İranın Mərkəzi Bankının sabiq baş direktoru Əbdülnasir Hemməti rəqabət aparır. Prezident seçkilərinin gecə saat 00:00-dək davam etməsi nəzərdə tutulub və səsvermə müddəti lazım gələrsə 02:00-dək uzadıla bilər. 13-cü çağırış prezident seçkilərində 59,3 milyon seçicinin səsvermə hüququ var.