İranda koronavirusun “Britaniya” ştammı yayılıb

Xəbər - Elnur Bağışov – Trend:

İranda artıq koronavirusun “Britaniya” ştatmmının yayıldığını demək olar.

AzerTimes-ın məlumatına görə, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki videokonfrans formatında keçirilən tibb universitetləri rektorlarının iclasında deyib.

S.Nəməkinin sözlərinə görə, ötən günlərdə Tehranda heç yerə səfər etməyən 71 yaşlı qadının mutasiyaya uğramış virus nəticəsində ölməsi, Qəzvin vilayətinin Abyek, Əlborz vilayətinin Həştgerd şəhərlərində oxşar hadisələrin baş verdiyi yeni versiyanın İranda yayıldığını sübut edir.

Nəməki əlavə edib ki, koronavirusun mutasiyaya uğramış versiyası bu virusun yayılmasının qarşısını almaq üçün ciddi həyəcan siqnalıdır: “Mutasiyaya uğramış koronavirus Avropada ən güclü səhiyyə sistemini diz çökdürüb. İran üçün çətin günlər başlanır. Buna görə İranda bu virusla mübarizəyə hazır olmaq lazımdır”.

İranlı nazir bildirib ki, mutasiyaya uğramış koronavirus yoluxma və ölüm hallarında əvvəlki versiyasından qat-qat üstündür.

Qeyd edək ki, bu günədək İranda 1 510 873 nəfər koronavirusa yoluxub, bu virus nəticəsində 58 883 nəfər ölüb, 1 291 726 nəfər sağalıb.