“iPhone 12”yə lağ edən “Xiaomi” də qutuya adaptor qoymayacaq

2 ay bundan öncə iPhone 12 modellərinin qutularında adaptor olmamasını zarafatla qarşılamış şirkətlər arasında Xiaomi də var idi. Həmin vaxtda Xiaomi iPhone 12 modellərindən fərqli olaraq öz smartfonlarının qutularını şarj cihazı ilə təchiz etdiyini bildirmişdi.

İndi isə Xiaomi şirkətinin general direktoru olan Lei Jun bildirib ki, Xiaomi-nin yeni flaqman smartfonunun alıcılarını sürpriz gözləyir.

 Xiaomi-nin təsisçisi və general direktoru olan Lei Jun, Weibo sosial şəbəkəsində bildirib ki, yeni flaqman smartfonu olacaq Mi 11-in qutusunda şarj cihazı olmayacaq. Bu cür qərarın əsas səbəbi kimi isə Apple şirkətinin arqumenti gətirilib. Belə ki, Xiaomi də Apple kimi ətraf mühitin təmizliyini düşündüyü üçün bu cür qərarı qəbul edib. Lei Jun-un təqdim etmiş olduğu Mi 11 qutusunun fotosundan da görmək olar ki, qutu bir qədər nazikləşib. Qeyd etmək lazımdır ki, Xiaomi Mi 11-in təqdimatı bugün baş tutacaq və bu smartfon Snapdragon 888 prosessorunu əldə edəcək ilk smartfon modeli olacaq.

www.yenicag.az