İlin ikinci yarısı üçün turizmlə bağlı pozitiv gözləntilərimiz var – Agentlik

Xəbər - İlhamə İsabalayeva – Trend:

Müəyyən ölkələrdə, o cümlədən Azərbaycanda bu ilin ikinci yarısı üçün turizmlə bağlı müəyyən pozitiv gözləntilərimiz var. Yay turizmi ilə bağlı ümidlərimiz olsa da, bu, ölkədəki epidemioloji vəziyyətdən asılı olacaq, buna uyğun qərarlar veriləcək.

Bunu AzerTimes-a Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, pandemiya ilə əlaqədar dünyada, eləcə də Azərbaycanda əsas diqqət daxili turizmin inkişafına yönəldilib. Ümumilikdə bütün dünyada, eləcə də Azərbaycanda bu il prioritet istiqamət daxili turizm olacaq:

“Getmə və gəlmə ilə turizmi ilə bağlı ümidlərimiz var ki, bu sahədə dirçəliş olacaq. Ümumən tendensiya pozitivdir, artıq vaksinasiyaya da başlanılıb. Pandemiya nəzarətə götürüldüyü üçün turizmin perspektivinə də optimist baxırıq”.


K.Quluzadə 2021-ci ilin bütün ölkələrdə xarici getmə-gəlmə turizm ili kimi dəyərləndirilmədiyini söyləyib.

O, əsas ümidlərin 2022-ci ilə bağlandığını açıqlayıb:

“Hesab edilir ki, növbəti ildən 2019-cu ildəki turizm sənayesi bərpa edilməyə başlayacaq. Dünya mütəxəssisləri də deyirlər ki, 2023-cü ilə qədər bu mövqelər artıq bərpa oluna bilər”.

Teqlər: