İƏT Gənc İş Adamlarının 7-ci Kazan Forumu keçirilib (FOTO)

28 iyulda öz işinə başlayan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənc İş Adamlarının 7-ci Forumu öz işini uğurla başa çatıdırb. Finala çıxmış 37 startup komandadan biri olan “Hadigro” layihəsi ölkəmizi təmsil edib. Yekunda beynəlxalq jüri tərəfindən seçilmiş ən yaxşı layihələrə mükafatlar təqdim edilib.

İƏT Gənc İş Adamlarının 7-ci Kazan Forumu İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzi və Tatarıstan Respublikası Gənclər Nazirliyinin birgə təşkilatçılığı və Tatarıstan Respublikası “Selet” Gənclər Fondunun tərəfdaşlığı ilə baş tutub. İyun və iyul aylarında onlayn keçirilən Forumun hazırlıq treyninqlərində 32 ölkədən 150-yə yaxın startap layihəsi iştirak edib. Finalda iştirak edən 17 ölkədən 37 startap layihəsi Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun və rəsmi qonaqların, eləcə də beynəlxalq investorların iştirakı ilə keçirilən xüsusi sessiyada öz layihələrini təqdim ediblər. Sonda fərqlənən layihələrə müxtəlif mükafatlar, o cümlədən ən yaxşı iki layihəyə İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi tərəfindən ümumilikdə 10 min ABŞ dolları məbləğində pul mükafatı təqdim edilib.

Tatarıstan Prezidenti Rüstəm Minnixanov ənənəvi olaraq hər il Beynəlxalq Kazan İqtisadi Sammitinin tərkibində təşkil edilən Forumun nəticələrindən və nailiyyətlərindən razılığını ifadə edərək tədbirin təşkilatçılarına təşəkkür edib. İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin Baş direktoru Elməddin Mehdiyev tədbirin açılış və bağlanış mərasimlərində çıxış edərək, Forumun əhəmiyyətini vurğulayıb, Tatarstan prezidenti Rüstəm Minnixanova və tərəfdaşlara tədbirə yüksək səviyyədə ev sahibliyinin həyata keçirilməsinə görə Mərkəz adından təşəkkürünü bildirib və bu istiqamətdə tərəfdaşlığın davam edəcəyini bildirib. Bundan başqa, tədbirdə Rusiya Federasiyasının senatoru İrek Yalalov, İƏT Gənclər Forumu Taha Ayhanın adından Forumun Baş direktoru Rəsul Ömərov və Tatarıstan Gənclər nazirinin müavini Timur Suleymanov çıxış ediblər.

İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin dəvəti ilə Forumun işinə töfhə vermək məqsədilə Azərbaycan İnnovasiyalar Agentliyinin nümayəndə heyəti və İnnoland İnkubasiya Mərkəzinin nümayəndəsi Forumda iştirak ediblər. Forumun plenar sessiyasında Azərbaycan Respublikası Təhsil Nazirliyi, Elm və Ali Təhsil Departamentinin müdiri Nicat Məmmədli “Universitet – sənaye – dövlət üçlüyü: innovasiya və sahibkarlıq istiqamətində əməkdaşlıq” mövzusunda onlayn təqdimat edib.

Regional Mərkəzin tərəfdaşlığı ilə Kazanda 28-30 iyul tarixlərində həmçinin İƏT Ölkələrindən olan Gənc Diplomatların 5-ci Forumu keçirilib. Açılış mərasimində Regional Mərkəzin Baş direktoru Elməddin Mehdiyevlə yanaşı Rusiya MDB ilə Əlaqələr üzrə Federal Agentliyin rəhbəri Yevgeniy Primakov, Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədri Qriqori Karasin, RF-nin İƏT-də Daimi Nümayəndəsi Ramazan Abdullətipov, Tatarıstan Gənclər Naziri Damir Fattaxov və digər rəsmi nümayəndələr təbrik nitqləri ilə çıxış ediblər.

Səfər çərçivəsində İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin nümayəndə heyəti Tatarıstan Respublikası Gənclər naziri Damir Fattaxov tərəfindən qəbul edilib və ikitərəfli əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.

Teqlər: