Hacıqabulda oğurluq edən şəxs saxlanılıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayonun Muğan qəsəbəsində yerləşən evlərin birindən 2500 manat pul və 300 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Elməddin Bayramov saxlanılıb.

Həmin şəxsin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun rayon ərazisində yerləşən daha bir evdən 2000 manat pul və 400 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Dindirilmə zamanı E.Bayramov törətdiyi oğurluq hadisələrini etiraf edib.

Faktla əlaqədar Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb. Onun digər analoji hadisələrdə iştirakının olub-olmaması araşdırılır.

Teqlər: