Gürcüstanda hakimiyyəti devirmə cəhdi üzrə cinayət işi açıldı

Gürcüstanda hakimiyyəti devirmə cəhdi üzrə cinayət işi açıldı

Gürcüstanda hakimiyyəti devirməyə hazırlıq faktı üzrə cinayət işi açılıb.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəsmi saytında bu barədə məlumat yerləşdirib.

Bildirilib ki, bir sıra şəxslər ölkədə parlament seçkilərində arzuolunmaz nəticələr əldə olunarsa, hakimiyyəti zorla devirməyi planlaşdırıblar. Bu məqsədlə hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşlarından və hərbçilərdən ibarət mobil qruplar belə yaradılıb.

Gürcüstan DTX-nin məlumatına görə, artıq bəzi şahidlərin ifadələri alınıb. İstintaqa cəlb edilənlər arasında hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının icra katibi irakli Kobaxidze də var.

Qeyd edək ki, Gürcüstan Cinayət Məcəlləsinə əsasən, “konstitusiya quruluşunu zorla dəyişdirmək, dövlət hakimiyyətini devirmək və ya ələ keçirməyə” görə 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.