Güləşçimiz Həsrət Cəfərov Avropa çempionu olub

Almaniyanın Dortmund şəhərində keçirilən gənc güləşçilərin Avropa çempionatına yekun vurulub.

Trend xəbər verir ki, yunan-Roma güləşçimiz Nihat Məmmədli (60 kq) ilk görüşdə erməni rəqibinə gücünü göstərib. N.Məmmədli daha sonra yerli pəhləvanı sonuncu xal prinsipinə əsasən üstələyərək yarımfinala yüksəlib. Finalın bir addımlığında Rusiya güləşçisi ilə gərgin idman mübarizəsi şəraitində keçən görüşdən məğlub ayrılan təmsilçimiz iyulun 4-də bürünc medal uğrunda görüşə çıxıb və belaruslu rəqibinə qalib gəlib.

Çempionatda 67 kiloqram çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov səkkizdəbir finalda Macarıstan güləşçisini cəmi 1 dəqiqə 35 saniyəyə xalçadan məyus yola salıb. H.Cəfərov Bolqarıstan idmançısını da vaxtından əvvəl yolundan kənarlaşdırıb və adını yarımfinala yazdırıb. Gürcüstan güləşçisi ilə qarşılaşmanın əvvəlindən sonunadək dominantlıq edən təmsilçimiz finala vəsiqə qazanıb. Həmyerlimiz iyulun 4-də baş tutan həlledici görüşdə elə ilk hissədə Türkiyə idmançısına tam üstünlüklə qalib gələrək Avropa çempionu olub.


Millimizin üzvü Xasay Həsənli (72 kq) Çexiya idmançısına elə ilk hissədə qalib gələrək yarışa inamlı start verib. Həmyerlimiz səkkizdəbir finalda rumıniyalı rəqibinin kürəyini yerə sıxıb. Ancaq X.Həsənli dörddəbir finalda gürcü həmkarı ilə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz iyulun 4-də təsəlliverici görüşə çıxıb və Belarus təmsilçisinə heç bir şans tanımayıb. Güləşçimiz Xorvatiyadan olan rəqibini “tuşe” ilə üstələyərək bürünc medalı boynundan asıb.

Teqlər: