Görmə imkanı məhdud şəxslərin reabilitasiyası tədbirləri davam etdirilir

Onlar hansı reabilitasiya xidmətləri ilə əhatə olunurlar?

Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində görmə imkanı məhdud şəxslərin reabilitasiyası tədbirləri davam etdirilir.

Müəssisənin aidiyyəti şöbəsində həmin kateqoriyadan olan 5-29 yaşlı uşaq və gənclərə müəyyən edilmiş fərdi inkişaf proqramı əsasında tam və ya yarımstasionar şəraitdə reabilitasiya və abilitasiya xidmətləri göstərilir. Şöbə 4 mərtəbəli binadan ibarət olmaqla üzgüçülük hovuzundan, idman və akt zallarından, yataq, tibb və reabilitasiya otaqlarından, geniş həyətyanı sahədən ibarətdir. Hər reabilitasiya kursu 3 ay davam edir və bu müddətdə görmə imkanı məhdud uşaq və gənclər 10-a yaxın növdə reabilitasiya və abilitasiya xidmətləri ilə əhatə olunurlar.

-Tibbi reabilitasiya üzrə – ali və orta ixtisaslı peşəkar tibb işçiləri tərəfindən terapevtik, nevropotoloji, oftomoloji müayinə və müalicə, Low Vision (qalıq göz işığının qorunması və görmə itiliyinin inkişaf etdirilməsi) xidmətləri göstərilir;

-Peşə reabilitasiyası üzrə – dərzilik, toxuculuq, bərbərlik, taktil vəsaitlərinin hazırlanması, bağbanlıq, operatorluq peşələri nəzəri və praktik olaraq öyrədilir;

-Pedaqoji reabilitasiya üzrə – kompüter, xarici dil (ingilis, rus), Brayl əlifbası, inkluziv təhsilə hazırlıq, nitq-davranış mədəniyyəti ilə bağlı təlimlər keçilir;

-Mədəniyyət və incəsənət reabilitasiyası üzrə – rəsm, heykəltəraşlıq, bədii yaradıcılıq, rəqs, musiqi alətlərində ifa, vokal, teatr-tamaşalarının qurulması, səhnə mədəniyyətinə aid təlimlər keçilir;

-İdman reabilitasiyası üzrə – üzgüçülük, idman və müalicəvi gimnastika, futbol, həndbol, tennis, voleybol, stolüstü (şahmat, dama) oyunları öyrədilir, yerli və beynəlxalq idman yarışlarında iştirak təmin edilir;

-Psixoloji reabilitasiya üzrə – peşəkar psixoloq tərəfindən psixoloji baryerlərin dəf edilməsi, komplekslərin aradan qaldırılması, ünsiyyət qurma bacarıqlarının aşılanmasına dair təlimlər təşkil olunur;

-Sosial reabilitasiya üzrə – tiflopedaqoqların və sosial işçilərin təlimləri (əl ağacından istifadə, səs akustikası, ayaq hissiyatının artırılması, rənglərin və yol hərəkəti qaydalarının öyrədilməsi) vasitəsilə fəza orientasiyasının inkişaf etdirilməsi prosesi aparılır;

-Məişət Reabilitasiyası üzrə – məişət avadanlıqlarından istifadə, evdarlıq və özünəxidmət qaydalarına dair təlimlər təşkil olunur.

Reabilitasiya kursuna cəlb olunmaq üçün görmə qabiliyyəti məhdud şəxslərin özləri, onların valideynləri və ya qohumları, digər qanuni nümayəndələri (qəyyum, himayəçi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə görmə qabiliyyəti məhdudluğu olan şəxsin razılığı ilə digər şəxslər Sosial Xidmətlər Agentliyinin filiallarına və ya “DOST” mərkəzlərinə ərizə ilə müraciət edirlər.

Ərizəyə əlavə olunur: Şəxsiyyət vəsiqəsinin surəti, sağlamlıq haqqında tibbi arayış (yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlığa dair məlumat göstərilməklə), sağlamlıq imkanları məhdudluğu və ya əlilliyi təsdiq edən TSEK qərarı, 3×4 ölçüdə 2 ədəd fotoşəkil.

Ərizənin daxil olduğu gündən 10 (on) iş günü müddətində şəxsin müəssisəyə qəbuluna olan tələbatı qiymətləndirilir, 5 (beş) iş günü müddətində isə müəssisəyə qəbuluna dair qərar qəbul edilir.

Bütün reabilitasiya xidmətləri dövlət vəsaiti hesabına göstərilir.

Teqlər: