Gəncə Dövlət Universitetinin rəhbərliyi Ermənistanın raket atəşindən zərərçəkmiş ailə ilə görüşüb (FOTO)

2020-ci ilin oktyabr ayında Qarabağ döyüşləri dövründə Gəncə şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda bombalanıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Gəncə Dövlət Universitetinin rəhbərliyinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində zərərçəkən Əsgərovlar ailəsi ilə görüşü keçirilib.

Görüşdə rektor professor Yusif Yusibov bildirib ki, Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində onlarla fərdi yaşayış evi və mənzil tamamilə dağılıb, minlərlə şəhər sakininin əmlakına ciddi ziyan dəyib. Ermənistanın mülki şəxslərə raket hücumlarından həyatını itirənlər və yaralananlar arasında mülki şəxslərlə yanaşı azyaşlılar da olmuşdur. Rövşən Əsgərovun qolundan ağır yanıq xəsarəti almış oğlu da onlardan biridir.

Rektor qeyd etmişdir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində davam edən və Zəfərlə yekunlaşan müharibə zamanı şəhid olan igidlərimiz heç vaxt unudulmayacaq. Çünki onlar öz qanları ilə adlarını əbədi olaraq tariximizə həkk ediblər. Vətən uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsi daim uca tutulacaq. Bonbalanma zamanı həyatlarını itirmiş mülki şəxslər, azyaşlılar da Şəhid hesab olunurlar. Əsgərovların ailə üzvlərindən 1948-ci il təvəllüdlü Suliddin Əsgərov və 2005-ci il təvəllüdlü Nigar Əsgərova da Şəhiddirlər. Bombalanma nəticəsində torpağını, yurd yuvasını, evlərini tərk etməyən vətəndaşlar bir daha sübut etdilər ki, onlar erməni alçaqlarından qorxmurlar.

Təşkil olunmuş görüşdə Rövşən Əsgərov və Südabə Əsgərova onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinici vitse-prezident Mehriban Əliyevaya, Gəncə şəhər İcra Hakimiyyətinə və Gəncə Dövlət Universitetinin rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Teqlər: