Gedəndə gülümsə! Şəhidlərin xatirəsinə həsr olunmuş “Olmayan Bir Müsahibə…” (FOTO)

Yazıçı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Olmayan Bir Müsahibə …” adlı silsilə materiallar təqdim edir.

Bu material Salayev Elşən Fuad oğluna həsr edilmişdir…

– Salam, Elşən.

– Salam.

– Bayaqdan feysbuk səhifənə baxıram, çox gözəl paylaşmaların var. Hətta çoxusu ingilis dilində.

– Dillər bilmək mənim üçün insanlarla əlaqə gurmaq, tarixi bilmək, özümü daha gözəl anlamaq deməkdir.

– Razıyam, mən də elə düşünürəm. Əslində, səninlə hər bir dildə danışmaq istərdim, amma öz dilimizdə davam edək.

– Yaxşı.

– Elşən, 2017-də bir şey paylaşmısan. Kiminsə yazdığı sözləri. Tam təkrarlamayacağam, amma məzmunu əbədi yaşamaqdandır. İnsan əbədi yaşasa neynəyər, bütün məqsədlərinə çatsa belə davamı nədir? Özünə təzə rol tapmalı olacaq, yoxsa keçmişi onu yenidən cəlb edəcək… O zaman nə fikirləşirdin?

– Həyatın məqsədini axtarmağa çalışırdım (gülümsəyir).

– Tapdın?

– Gördüyünüz kimi…

– Elşən?

– Bəli.

– Səninlə söhbət etmək çox xoşuma gəlir , sanki çoxdandan bir birimizi tanıyırıq.

– Ona ruh əkizləri deyirlər?

– Elə də olar. Elşən, sən Bakı Dövlət Universitetində oxumusan, tarix fakultəsində. Kim olmaq istəyirdin? Bir az özündən danış.

– Mən həmişə Azərbaycanın tarixini öyrənmək istəyirdim. 2017-2018-ci illərdə 2013-cü ildə yaradılan Oxford Universitetinin Nizami Gəncəvi mərkəzinin mühüm elmi təşəbbüslərdən biri olan “Bərdə arxeoloji tədqiqatları” layihəsində iştirak etmişdim. Həmin o illər ərzində qazıntıların Torpaqqala və Qaratəpə areallarında iştirak etmişdim. Sonra da mən İrlandiyanın bir neçə universitetindən magistratura təhsili üçün təqaüd qazandım, amma vətəni tək qoya bilməzdim. Mən getməsəm, kim gedər? Vətən sağ olsun.

– Bu arada sənin bir şəklin yadıma düşdü, hansısa sərqidə silahla dayanmısan. Şəklin adı – gəlin mehriban yaşayaq – adlanır. Bu təsadüfmü?


– Necə araşdırmalar aparmısınız (gülür). Elə o vaxt özlərini pis aparanlara mesaj göndərmişdım.

– Sənin mesajın ünvana çatdı.

– Özü də necə (gülür).

– Qorxmadın?

– Nədən qorxum ki, axı şəhidlər ölməz (gülümsəyir).

– Elşən, araşdırmalara gayıdarkən, Hans Zimmer mənim də çox xoşuma gəlir, amma onun “Time” kompozisiyasını təzə eşitdim.

– Hans möhtəşəmdir, siz qulaq asan remiksidir.

– Gözəldir… O musiqidə sənin xəyallarını gördüm.

– Hansılarını?

– O ki söhbətin əvvəlində danışdıq. Əbədi həyat, amma tam başqa rol.

– Anladım. Elə mən də rolumu dəyişdim. Sanki kəpənək efekti, o kino yadınızda? Hansı yolu seçirsənsə, həmin o yolda olan rolu oynamalısan. Mənim rolum bəlli, hətta əbədi roldur (gülümsəyir).

– Elşən, səninlə o qədər söhbət etmək istəyirəm… Mənim həmfikir dostum…

– Mən də, amma mənim təzə rolum sizinlə eyni yolda deyil (gülümsəyir). Əslində buralarda da alimlər lazımdır, özü də Azərbaycan tarixini bilən (gülür).

– Elşən?

– Bəli?

– Gedəndə, gülümsə…

Teqlər: