Futbol üzrə Avropa çempionatının Azərbaycanda keçirilməsi ölkəmizin növbəti bir uğurudur – Deputat

Xəbər - Elçin Mehdiyev – AzerTimes:

Azərbaycanda 2021 ci il Futbol üzrə Avropa çempionatının dörd oyununun keçirilməsi çox vacib məqamdır və bu, ilk nəvbədə beynəlxalq aləmdə ölkəmizin növbəti bir uğurudur.

Bunu AzerTimes-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir və bir çox beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi üçün lazımi müasir infrastrukturu qurub-yarada bilib: “Əlbəttə, Azərbaycanda belə tədbirlərin keçirilməsi ölkəmizdə olan sabitlik, beynəlxalq aləmdə ölkəmizə olan inam və etimad nəticəsində mümkün olub. Baxmayaraq ki, dünyada koronavirus tüğyan edir, Azərbaycan bu sahədə də uğurlar əldə edib və post-pandemiya dövrünə qədəm qoymağa yaxınlaşıb. Digər tərəfdən, Vətən müharibəsindən bir neçə ay sonra Futbol üzrə Avropa çempionatı kimi böyük tədbirin Bakıda keçirilməsi ölkəmizin qüdrətinin və müharibədən sonra sürətlə toparlanma qabiliyyətinin göstəricisidir”.

Deputat xatırladıb ki, Azərbaycan bundan öncə də bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib: “Misal üçün, “Avroviziya 2012” mahnsı müsabiqəsini, 2015-ci ildə keçirilən Birinci Avropa Oyunlarını, 2017-ci ildə İslam Həmrəylik Oyunlarını, Formula 1 yarışmasının və digər idman tədbirlərinin, həmçinin mədəniyyətlərarası dialoq forumlarının, humanitar forumların, Dünya dini liderlərinin Bakı sammiti və digər mötəbər beynəlxalq tədbirləri qeyd edə bilərik. Azərbaycanda keçirilən bu cür tədbirlərin sayı çoxalır və bu da əlbəttə ki, ölkəmizə olan böyük inam və etimaddan irəli gəlir”.

C.Osmanov vurğulayıb ki, bu cür mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin təbliği və turizm potensialımızın dünyada tanıdılması baxımından da vacib əhəmiyyətə malikdir: “Bildiyimiz kimi, koronavirus pandemiyası dünya iqtisadiyyatına çox ciddi zərbə vurub, xüsusilə turizm sektoru ciddi ziyan görüb. Bu baxımdan, beynəlxalq tədbirlərin keçirilməsi həm Azərbaycan reallıqlarının, xalqımızın sülhsevər və qonaqpərvər olmasının dünyaya göstərilməsi, multikultural dəyərlərin və tolerant mühitin ölkəmizdə geniş inkişaf etdiyini bütün dünyaya çatdırılması, həm də ölkəmizə bundan sonrakı dövrdə daha çox turistlərin cəlb olunması baxımından olduqca əhəmiyyətlidir”.

Teqlər: