Fransa Senatının sədrinin qərəzli açıqlamaları Azərbaycan ictimaiyyətinin dərin təəssüfünə səbəb olub – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Aprelin 24-də Ermənistanda səfərdə olan Fransa Senatının sədri Jerar Larşe kifayət qədər qərəzli və obyektivlikdən uzaq açıqlamalarla çıxış edib. Bu açıqlamalar bütün Azərbaycan ictimaiyyətinin dərin təəssüfünə səbəb olub.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

S.Məmmədov bildirib ki, Fransa hökuməti və parlamentinin bəzi üzvlərinin Vətən müharibəsi günlərində nümayiş etdirdiyi ədalətsiz və birtərəfli mövqe Azərbaycan xalqının yaddaşında dərin iz buraxıb:

“Biz ötən il Fransa Senatı və Milli Assambleyasının Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin tanınması ilə bağlı qəbul etdiyi qərarları unutmamışıq. Bizi ən çox narahat edən məqam bu cür qərəzli addımların tərəfdaş hesab etdiyimiz ölkə tərəfindən atılmasıdır.

Gələn il Azərbaycanla Fransa arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunacaq. Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lömuan bu ilin yanvar ayında Azərbaycanda səfərdə olarkən cənab Prezidentlə görüşdə birgə mədəni tədbirlərin təşkili ilə bağlı təkliflərlə çıxış etmişdi. Azərbaycan Fransada dünya mədəni irsinin nümunələrinin qorunması və bərpasına dəyərli töhfələr verib. Bu faktların fonunda Fransa senatı sədrinin açıqlamaları Azərbaycan xalqının bu ölkəyə onsuz da kövrək olan etimadını bir qədər də sarsıdır. Eyni zamanda, postkonflikt dövründə iki xalq arasında qarşılıqlı dialoq mühitinin formalaşmasına, davamlı sülh və sabitlik formulunun tapılması səylərinə də ciddi zərbədir. Azərbaycan 44 günlük müharibə nəticəsində öz ərazi bütövlüyünü bərpa edib. Fransanın da həmsədri olduğu ATƏT-in Minsk qrupunun 30 il ərzində təmin edə bilmədiyi sülhə nail olub”.

Deputat vurğulayıb ki, Fransa dövlətinin yüksək vəzifəli şəxsləri bir dəfə də olsun 30 ilə yaxın işğal altında qalmış ərazilərdə Azərbaycana məxsus tarixi, dini, mədəni abidələrin məhv edilməsi məsələsini qaldırmayıb:

“Lakin heç bir fakta əsaslanmadan Dağlıq Qarabağda erməni mədəni irsinin guya dağıdıldığı iddiası ilə çıxış edir. 90-cı illərdə və sonrakı dövrdə girov götürülmüş azərbaycanlıların taleyi heç vaxt Fransa siyasətçilərinin diqqətini çəkməyib. Ancaq Azərbaycan ərazisində terror törətməyə cəhd edən erməni diversantların qaytarılması ilə bağlı hüquqi əsası olmayan iddialarla çıxış edirlər. Fransa minalanmış ərazilərin xəritələrinin verilməsi ilə bağlı bu günə qədər heç bir təşəbbüs irəli sürməyib.
Azərbaycan haqlı olaraq ATƏT-in Minsk Qrupunun 3 həmsədrindən biri olan Fransadan balanslaşdırılmış, ədalətli mövqe gözləyir. Fransa rəsmilərinin açıqlamalrı isə bu ölkənin Azərbaycan və Ermənistan arasında əlaqələrin bərpasında, etimad mühitinin formalaşmasında, davamlı sülhün təmin edilməsində maraqlı olduğuna çox ciddi şübhələr yaradır”.

Teqlər: