Fikrət Əmirovun müəllif hüququ pozuntusuna görə üzr istənildi

Fikrət Əmirovun müəllif hüququ pozuntusuna görə üzr istənildi

Bəstəkar Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin musiqisi Belçikada yaşayan Vardan Hovanissiyan və Emre Gültekin tərəfindən mənimsənilərək “Houcher” adı altında “Karin” musiqi albomuna daxil edilib. 

Sözügedən bəstə onlayn satış saytına, o cümlədən “YouTube” kanalında yerləşdirilib. Fikrət Əmirovun vərəsələrinin Əqli Mülkiyyət Agentliyinə müraciəti əsasında bu hüquq pozuntusunun qarşısının alınması üçün müvafiq tədbirlər görülüb və məsələnin tam həlli olunması istiqamətində işlər davam etdirilir. Agentlik tərəfindən hüquq pozuntusunun aradan qaldırılması tələbi ilə Vardan Hovanissiyan və Emre Gültekinə məktub göndərilib, həmçinin “YouTube” kanalında yerləşdirilmiş “Houcher” adlı musiqi əsərinin hesabdan çıxarılması tələbi ilə həmin kanalın Administrasiyasına müraciət ünvanlanıb.

Eyni zamanda, məsələ ilə bağlı Agentlik tərəfindən hazırlanmış arayış Azərbaycanın Belçikadakı Səfirliyinə də göndərilərək Fikrət Əmirovun pozulmuş müəllif hüquqlarının bərpası və hüquq pozucularına – Vardan Hovanissiyan və Emre Gültekinə münasibətdə müvafiq tədbirin görülməsi üçün bu hüquq pozuntusu barədə Belçikanın müvafiq dövlət qurumu qarşısında məsələ qaldırılması xahiş edilib.

Görülən tədbirlərin nəticəsi olaraq, “Karin” musiqi albomunun istehsalçısı olan Belçikanın “Muziekpublique” şirkətindən Agentliyə daxil olmuş məktubda edilmiş səhvə görə üzr istənilib və yaxın zamanda tələb olunmuş bütün dəyişikliklərin ediləcəyi bildirilib. “Muziekpublique” şirkəti tərəfindən Fikrət Əmirovun vərəsələrinə də məktub yazılaraq üzr istənilib və Vardan Hovanissiyan tərəfindən bu musiqinin folklor müsiqisi olduğu düşünüldüyü üçün bu səhvi etdiyi qeyd edilib.

Atılmış addımlar nəticəsində www.bandcamp.com saytında “Houcher” musiqisinin məlumat hissəsində dəyişiklik edildikdən sonra bu musiqinin bir tərəfdən folklor nümunəsi (trad – ənənəvi müsuqi) olduğu, digər tərəfdən isə bəstəkar Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsasında yaradıldığı göstərilib. Lakin bütün bunlar məsələnin mahiyyətinə qeyri -müəyyənlik gətirmək məqsədi daşıyır. Nəticə etibarı ilə Vardan Hovanissiyan və Emre Gültekin folklorun qorunması üzrə beynəlxalq alətin olmamasından istifadə edərək özlərinə bəraət qazandırmağa və məsuliyyətdən yayınmaq məqsədi güdürlər. Halbuki “Kor ərəbin mahnısı” müəllif əsəridir və orijinal əsər kimi 1963-cü ildə qeydiyyatdan keçirilib.

Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyasının 12-ci maddəsinə əsasən, ədəbi və bədii əsərlərin müəllifləri öz əsərlərinin dəyişilməsi, aranjıman və digər dəyişikliklər edilməsinə icazə vermək müstəsna hüququna malikdirlər.

Müəllif hüquq sistemində aranjıman – əsərin yenidən işlənməsi deməkdir. Aranjımanın kommersiya məqsədilə edildiyi halda əsərin müəllifi, hüquq sahibi və ya vərəsələrindən lisenziya (icazə) alınmalıdır.

Bununla yanaşı, “YouTube” kanalında “Houcher” əsəri haqqında yerləşdirilən məlumatda da “Houcher – Vardan Hovanissiyan – Emre Gültekin – Fikrat Amirov” kimi düzəliş edilib. Lakin əsərin tək müəllifi var, o da Fikrət Əmirovdur. Vardan Hovanissiyan və Emre Gültekin isə həmin əsərin yalnız ifaçılarıdır və üstəlik, əsərin adını icazəsiz dəyişdirənlərdir.

Hazırda pozulmuş hüquqların bərpası üçün Əqli Mülkiyyət Agentliyi tərəfindən Fikrət Əmirovun vərəsələrinə hüquqi yardımların edilməsi davam etdirilir. Agentlik və bəstəkarın vərəsələri “Muziekpublique” şirkətinə qarşı Fikrət Əmirovun müəllif hüquqlarını pozmaqla “Houcher” adı altında “YouTube”da və digər media platformalarında yerləşdirilmiş musiqi əsərinin ümumiyyətlə çıxarılması tələbini irəli sürüblər.