Fermerlərin 92,06 faizinə subsidiya ödənilib

Kənd Təsərrüfatı Nazirliyi 2020-ci ilin payızlıq əkinlərinə görə fermerlərə subsidiya ödənişlərini davam etdirir.

Nazirlikdən AzerTimes-a bildirilib ki, qanunvericiliklə müəyyən olunmuş müddət ərzində Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 341413 fermer öz payızlıq əkinlərini bəyan edib. Daxil etdikləri məlumatlar, o cümlədən torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədləri qaydasında olan 283908 fermerin subsidiya almaq üçün elektron müraciəti sistemdə formalaşıb. Aprelin 15-də daha 15448 fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib və bununla da payızlıq əkinlərə görə subsidiya almış fermerlərin sayı 261375 nəfərə çatıb.

Bugünədək elektron müraciəti EKTİS-də formalaşmış fermerlərin 92,06 faizinə subsidiya ödənişi həyata keçirilib. Digər fermerlərin torpaq və əkin məlumatları ilə bağlı monitorinqlər davam edir. Monitorinq və qiymətləndirmələr “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq çarpaz (elektron bəyannamə məlumatlarının Subsidiya İnformasiya Sistemində olan digər məlumatlarla üzləşdirilməsi), yerüstü müşahidə (peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin müəyyən edilərək, elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi) və yerində müşahidə (seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə DAİM mütəxəssislərinin nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirməsi) üsulları ilə aparılır.


Monitorinqlər başa çatmlış sahələr üzrə fermerlərin adları subsidiya ödəniş qrafikinə daxil edilir və monitorinq zamanı torpaq sənədləri və əkin məlumatları ilə bağlı problem aşkarlanmayan fermerlərə subsidiya ödənişləri intensiv qaydada həyata keçirilir.
Subsidiya qaydalarına uyğun olaraq, ödənişlər fermer kartlarına 25% nağdlaşdırıla bilən və 75% nağdsız hissə şəklində ödənilib. Fermerlər subsidiyanın nağdlaşdırıla bilinməyən hissəsi ilə gübrə, pestisid, toxum və ting təchizatçılarından təsərrüfatlarına lazım olan məhsulları POS-terminal vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. Subsidiya qaydalarında edilmiş son dəyişikliyə görə, fermerlər təsərrüfatları üçün gübrənin tam dəyərini “Fermer kartı” ilə nağdsız ödəmək imkanı qazanıblar.

Teqlər: