Əsirlikdən gələndə elə vəziyyətdəydim ki, doğma atam belə məni tanımadı – Erməni əsirliyində olan Famil Əliyev

Xəbər - Samir Əli – AzerTimes:

Füzuli rayonunda erməni hərbçiləri tərəfindən əsir götürülərək Şuşa türməsinə gətirildik və orada olmazın işgəncələrinə məruz qaldıq.

Bunu AzerTimes-a açıqlamasında 1994-cü ildə 1 il erməni əsirliyindfə işgəncələrə məruz qalmış azərbaycanlı Famil Əliyev deyib.

O bildirib ki, Şuşa həbsxanasında erməni terrorçusu Lüdvik Mkrıtıçyan tərəfindən işgəncələr görüb:

“Bizi Füzuli rayonunda əsir götürüb gətirdilər Xankəndinə, oradan da Şuşa türməsinə. Lüdvik Mkrıtıçyanı orada tanıdıq. Orda onun ləqəbi Lyoxa idi. Bu gün Bakıda məhkəməsi olan Lüdvik Mkrıtıçyan orada bizə ən çox zülm verənlərdən idi. Belimdə dəyənək sındırdı, bizi lomla döyürdülər. Döyüşdə ölən ermənilərin qəbri üstündə azərbaycanlı əsirlərin başını kəsirdi. Əsirlərimizi aparanlardan biri də hazırda bu gün Bakıda məhkəməsi keçirilən terorçu, “Lyoxa” ləqəbli Lüdvik Mkrıtıçyan idi. İndi məhkəmədə yalandan deyir ki, azərbaycanlıları görməyib, Azərbaycan dilində danışa bilmir. Amnma həmin adam Azərbaycan dilində çox yaxşı danışır, bizim dili sərbəst bilir. O bizi Azərbaycan dilində söyürdü, bizimlə Azərbaycan dilində danışırdı. Türmənin nəzarətçiləri başqa adamlar idi, amma Lüdvik Mkrıtıçyan və digərləri əsgər idilər. Bizi sahələrdə işləməyə aparırdılar, orada Lüdvik Mkrıtıçyan və digərləri gəlib bizə işgənclər verirdilər”.

Zərərçəkmiş bildirib ki, bir il əsirlikdə olduğu müddətdə onlarla heç bir qurum maraqlanmayıb: “Həmin müddətdə bizimlə nə Ermənistanın əlaqədar qurumları, nə də beynəlxalq təşkilatlardan heç kim maraqlanmayıb. Tək bir dəfə, bir il əsirlikdə qalandan sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi gəlib bizə baş çəkdi. Həmin şəxs bizə paltar verib getdi, amma dərhal türmə nəzarətçiləri gəlib paltarı əlimizdən aldı. Dedilər ki, paltarlara əl vurmayın, bit düşər.

Heç kim bizim nə yeməyimiz, nə qalmağımızla maraqlanmırdı. Ermənilər heç bir beynəlxalq təşkilata məhəl qoymurdular. Bizə verilən yerməkdən danışmaq olmaz. Türmədə adi buğdanı qaynadıb bizə suyunu verirdilər. Su içməyə qoymurdular, bir tikə çörək verirdilər, çörəyin bu tərəfindən baxırdın o tərəfi görsənirdi. Bir sutkada verilən yemək o idi. Bizi işləməyə aparanda ümumiyyətlə heç nə vermirdilər. Mənim dırnaqlarımı çıxardılar həbsxanada. Özümü işgəncələrdən toka verdim ki, öldürüm, ölmədim, yanımdakı oğlan öldü, mən qaldım. Ermənilər bizim əsir uşaqları aparıb başını kəsib gətirib göstərirdilər”.

Famil Əliyev deyib ki, bu gün məhkəmədə təqsirləndirilən terrorçuları görəndə həyəcanlanıb: “Onlardan biri də bizim üzümüzə baxmadılar. Çünki hamımızı tanıyırdılar, çıxılmaz vəziyyətdə qalıblar indi. Mən əsirlikdən gələndə doğma atam məni tanımayıb. Amma Azərbaycanda saxlanılan əsirlərə baxırsan, Azərbaycan dövləti bunlara qarşı heç bir qeyri-insani rəftar etməyib, tam normal vəziyyətdə gətirildilər məhkəməyə. Onlar qadın, qız, uşaq, heç kimə fikir vermirdilər, işgəncə verirdilər.

Mən əsirlikdən qaçıb gəlmişəm, ermənini tutub əsirlikdən qaçdım. Həmin gün erməni nəzarətçi mənə yalvardı ki, məni öldürmə sizə çörək vermişəm. Mən onu öldürmək istəyirdim, lakin orada qayda belə idi ki, bir azərbaycanlı bir ermənini öldürüb qaçırdısa, onun yerinə 3 azərbaycanlı əsiri güllələyirdilər. Mən ona görə, onları öldürmədim ki qalan əsirlərimizi öldürməsinlər”.

Teqlər: