Ermənistanın bu günə qədər minalanmış ərazilərin xəritələrini verməsi ağır cinayətdir – Səbinə Əliyeva (MÜSAHİBƏ)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Ermənistan tərəfindən mina xəritələrinin verilməməsi məsələsinə münasibət bildirib.

Trend həmin müsahibəni təqdim edir:

“Üç gün öncə ikisi jurnalist və biri dövlət qurumu əməkdaşı olmaqla, üç vətəndaşımız işğaldan azad olunmuş Kəlbəcər rayonunda erməni terrorçuları tərəfindən basdırılmış minaya düşərək şəhid oldu. Ermənilər əzəli torpaqlarımızın işğalı zamanı mümkün qədər böyük ərazini, demək olar ki, hər yeri minalayıblar. Bu, özü artıq hərbi cinayətdir. Artıq təqribən yeddi aydır, münaqişənin başa çatmasına baxmayaraq Ermənistan bu günə qədər minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir ki, bu da öz növbəsində beynəlxalq hüquq, xüsusilə də beynəlxalq humanitar hüququn norma və prinsiplərinə açıq-aşkar hörmətsizliyin təzahürü və ağır cinayətdir.

Ermənilərin işğal altında olduğu müddətdə tarixi torpaqlarımızda törətdikləri vandalizmin sübutlarını lentə alan, azad olunmuş əraziləri qarış-qarış gəzərək öz xidməti vəzifələrini şərəflə, qorxmadan, tərəddüd etmədən yerinə yetirən iki peşəkar jurnalist – Məhərrəm İbrahimov və Sirac Abışov erməni cinayətinin qurbanı oldular. Onlar 44 günlük Vətən müharibəsinin ilk günlərindən cəbhəyə yollanaraq rəşadətli ordumuzun əsgərləri ilə çiyin-çiyinə əllərində kamera və qələmlə öz savaşlarını aparıblar və müharibə bitdikdən sonra da bir gün belə dincəlmədən öz işlərini davam etdiriblər.

Əslən Qubadlıdan olan Sirac Abışov erkən yaşlarından Ermənistanın işğalı və etnik təmizləmə siyasəti nəticəsində çətin bir həyat – məcburi köçkün həyatını yaşamalı oldu. İndi isə o, erməni terrorçularının basdırdıqları və xəritələrini verməkdən aşkarcasına imtina etdikləri mina partlayışı nəticəsində peşə fəaliyyətini həyata keçirən zaman həlak olaraq şəhidlik zirvəsinə ucaldı. Azad olunmuş torpaqlarımızın hər guşəsini xüsusi qürur və sevgi ilə lentə alan AZƏRTAC-ın Qarabağda xidməti ezamiyyətdə olan müxbiri Məhərrəm İbrahimov da bu partlayışın qurbanı oldu. Onlarla birlikdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev də şəhid oldu.

Azərbaycan Ombudsmanı olaraq, mütəmmadi şəkildə BMT-nin Baş Katibinə, Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, İnsan Hüquqları Şurasına, Avropa İttifaqı və Avropa Şurasına, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına, müxtəlif ölkələrin ombudsmanları və milli insan hüquqları institutlarına bəyanatlar ünvanlayırıq. Bu bəyanatlarda beynəlxalq ictimaiyyətdən, müvafiq beynəlxalq qurumlardan işarələnməmiş minaların xəritələrinin verilməsi, bu cür faciələrin təkrar olunmaması məqsədi ilə Ermənistana kəskin çağırışlar etməyi tələb edirik, zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini vurğulayırıq.

Təəssüflə qeyd edim ki, bu günə kimi Ermənistanın hərbi-siyasi rəhbərliyi müxtəlif absurd bəhanələrlə bundan boyun qaçırır. Əksinə qeyd olunan xəritələri təqdim etməməkdə israrlıdır.

Ermənistanın bu cür etinasız, insanların həyatını təhlükədə qoyan və yeni cinayətlərə yol açan davranışının nəticəsi olaraq 10 noyabr 2020-ci il tarixində imzalanmış və münaqişəyə son qoymuş üçtərəfli birgə Bəyanatın imzalanmasından sonra 140 nəfərdən çox insan minaya düşmüş, onlardan 27 nəfər həlak olmuş, digərləri müxtəlif növ bədən xəsarətləri almış, əlil olmuşdur.

Biz bu cür ciddi bir məsələyə, beynəlxalq humanitar hüquq normalarının aşkarcasına pozulmasına göz yummamağı, Ermənistana nəticəsi olacaq bir çağırışın, bu dövlətin cinayət əməllərinə müvafiq sərt təzyiqin göstərilməsini tələb edirik.

Bir daha bəyan edirik ki, nə qədər ki, Ermənistan işarələnməmiş mina xəritələrini verməkdən imtina edəcək, bu cür insan tələfatı ilə nəticələnən faciələrin olacağı qaçılmazdır və bu da öz növbəsində onsuz da çoxsaylı müharibə cinayətləri törətmiş Ermənistanın üzərinə əlavə yük qoyur ki, onun məsuliyyəti daha da ağırlaşır”.

Teqlər: