Ermənistanın Azərbaycanın mədəni irsinə dağıdıcı rəftarı beynəlxalq hüququn pozuntusudur – Yaşar Əliyev

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi: Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə münasibətdə dağıdıcı rəftar beynəlxalq hüququn hiddətləndirici pozuntusudur

AzerTimes-ın məlumatına görə, bu fikirlər Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin Baş katibinin ünvanına göndərdiyi məktubda deyilir.

Məktubda Ermənistanın Azərbaycana qarşı 30 il davam edən təcavüzündən, işğal olunmuş ərazilərdə Azərbaycan xalqının mədəni irsinin uzun müddət və qəsdən dağıdılmasından bəhs edilir.

Yaşar Əliyevin məktubunda vurğulanır ki, 30 il davam etmiş erməni təcavüzünün dağıdıcı humanitar, iqtisadi və sosial nəticələri ilə bərabər, Azərbaycan ərazisinin işğalı nəticəsində Azərbaycanın minlərlə mədəni irs obyektinə əvəzedilməz zərər vurulub. Belə obyektlər arasında ümumdünya və milli əhəmiyyətli abidələr, məscidlər, məbədlər, məqbərələr, muzeylər, sərgilər, rəsm qalereyaları, arxeoloji qazıntı sahələri, kitabxanalar və nadir əlyazmalar var. Azərbaycanın Ermənistan ərazisində yerləşən tarixi mədəni irsinin də taleyi belə olub.

Diplomat qeyd edir ki, Azərbaycan hökuməti Birləşmiş Millətlər Təşkilatına ardıcıl olaraq Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində öz mövqeyini möhkəmlətmək üçün məqsədyönlü şəkildə törətdiyi əməlləri, zorla qovulmuş yüz minlərlə azərbaycanlının vətənə qayıtmasına yol verməmək məqsədilə Azərbaycan ərazilərinə demoqrafik, mədəni və fiziki xarakterli dəyişikliklər edilməsini, beynəlxalq hüququn və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin hiddətləndirici şəkildə pozulmasını göstərən geniş sübutlar təqdim edir.

Azərbaycan bu problemin xüsusi əhəmiyyətini və onunla bağlı narahatlığını nəzərə alaraq, dəfələrlə beynəlxalq birliyin diqqətini onun mədəni irsinə münasibətdə törədilmiş cinayətlərə cəlb edib, Birləşmiş Millət Təşkilatının təhsil, elm və mədəniyyət məsələləri üzrə təşkilatına (UNESCO) və digər beynəlxalq təşkilatlara müraciətlə işğal olunmuş ərazilərə faktaraşdırıcı missiya göndərməyə və oradakı mədəni dəyərlərin qorunmasının təmin edilməsi üçün təcili tədbirlər görməyə çağırıb. Lakin Ermənistan özünün nifrət zəminində törətdiyi cinayətləri gizlətmək məqsədilə bütün işğal illəri ərzində belə missiyaların göndərilməsinə həmişə rədd cavabı verib. Məsələn, 1995-2004-cü illərdə UNESCO-nun Silahlı münaqişələr dövründə mədəni dəyərlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyasının, habelə həmin sənədə 1954-cü və 1999-cu il tarixli protokolların yerinə yetirilməsinə dair fəaliyyəti barədə hesabatında göstərilirdi: “Azərbaycan hökuməti Dağlıq Qarabağda və ona bitişik digər işğal edilmiş ərazilərdə mədəni dəyərlərin qorunması ilə bağlı narahatlığını Katibliyə bildirib və faktaraşdırıcı missiya göndərilməsini xahiş edib. Lakin Katiblik həmin rayonda mədəni dəyərlərin vəziyyətini yoxlamam üçün oraya missiya göndərmək imkanından məhrumdur, çünki həmin ərazilər erməni silahlı qüvvələri tərəfindən işğal edildiyi vaxtdan Birləşmiş Millətlər Təşkilatının digər ixtisaslaşmış idarələri oraya gedə bilmirlər. Ermənistan ilə Azərbaycan münaqişənin dinc yolla nizamlanmasına nail olduqdan sonra Katiblik oraya missiya göndərmək məsələsini yenidən nəzərdən keçirəcək”.

Y.Əliyev qeyd edir ki, 2020-ci il sentyabrın axırlarında Ermənistanın yeni təcavüz aktından sonra döyüş əməliyyatlarının yenidən başlanması Azərbaycanın 300-dən çox şəhər, qəsəbə və kəndinin erməni işğalından azad edilməsi ilə nəticələnib. Azad edilmiş rayonlarda işğal dövründə təcavüzkarlar tərəfindən törədilmiş dağıntı və qarətlərin dəhşətli miqyasını göstərən çoxlu sübutlar aşkar edilib. Həmin ərazilərdə başqa mülki obyektlərlə yanaşı, yüzlərlə tarixi, mədəni və dini abidə vandalizmə məruz qalıb, qarət edilib və dağıdılıb. 67 məsciddən və müsəlman ziyarətgahlarından 64-ü dağıdılıb və ya ciddi şəkildə zədələnib və murdarlanıb. Ağdam, Qubadlı və Zəngilan rayonlarındakı məscidlər erməni qrafitliləri ilə təhqir edilib, donuz və inək saxlamaq üçün istifadə edilib. Həmin ərazilərdə 900-dən çox qəbiristanlıq dağıdılıb və vandalizmə məruz qalıb.

Məktubda daha sonra deyilir ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qeyri-qanuni “arxeoloji qazıntılar” və belə adlandırılan “bərpa işləri” aparılmasını sübut edən dəlillər aşkar olunub. Bu dəlillər Ermənistanın Azərbaycana məxsus mədəni, tarixi və elmi sübutları gizlətmək və saxtalaşdırmaq cəhdləri barədə əvvəlki məlumatları təsdiq edir. Məsələn, Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonunda “qədim” xaçkarlar – ermənilərin daş xaçları istehsal edən müasir emalatxana aşkar edilib . Bu xaçkarlara qədimi görkəm vermək üçün onlar oksidləşdirilir, sirkə ilə emal edilir, sonra isə ermənilərin guya həmin regionda əsrlər boyu yaşamasının “mübahisə doğurmayan” sübutları kimi torpağa basdırılırdı.

Ermənistan silahlı qüvvələri və həmin ərazilərdə qeyri-qanuni şəkildə məskunlaşmış ermənilər 10 noyabr 2020-ci il tarixli Bəyanatın şərtlərinə əsasən Azərbaycana qaytarılmalı olan işğal edilmiş əraziləri tələsik boşaldarkən oradakı mədəni dəyərləri dağıtmaqdan və oğurlamaqdan çəkinməyiblər. Məsələn, Ermənistan silahlı qüvvələri 2020-ci il noyabrın 20-nə qədər Ağdam rayonundan çıxmazdan əvvəl həmin rayonun Qiyaslı kəndindəki məscidi yandırıblar. Ermənistan silahlı qüvvələri işğal etdikləri ərazidən çıxarkən Azərbaycanın Kəlbəcər rayonunda yerləşən Xudavəng monastır kompleksini qarət ediblər. Həmin kompleksin daxilindəki Arzu-xatun kilsəsinin şərq divarındakı freska, habelə xaçlar, kilsə zəngləri və ikonalar da oradan çıxarılıb və qanunsuz olaraq Ermənistana aparılıb.

Azərbaycanın mədəni irsinə münasibətdə Ermənistanın məsuliyyətsiz dağıdıcı davranışı beynəlxalq hüququn hiddətdoğurucu pozuntusudur. Beynəlxalq hüquqa görə, birincisi, mədəni dəyərlər hücum obyekti olmamalıdır; ikincisi, hərbi əməliyyatlar dövründə mədəni dəyərlərin qorunması üçün bütün zəruri tədbirlər görülməlidir; üçüncüsü, mədəni dəyərlərin işğal edilməsi, məhv edilməsi, qəsdən zədələnməsi, oğurlanması, qarət edilməsi və mənimsənilməsi, onlara qarşı vandalizm aktları qadağan edilib; dördüncüsü, işğalçı dövlət işğal edilmiş ərazilərdən mədəni dəyərlərin qanunsuz olaraq daşınmasının qarşısını almalı və qeyri-qanuni şəkildə daşınıb aparılmış dəyərləri işğal olunmuş ərazinin səlahiyyətli orqanlarına qaytarmalıdır.

Münaqişə dövründə Azərbaycanın mədəni irsinə qarşı Ermənistanın törətdiyi əməllər həm də beynəlxalq insan haqları hüququnun pozulmasıdır, beynəlxalq cinayət hüququna müvafiq olaraq hərbi cinayətlər və insanlığa qarşı cinayətlərdir. Bundan əlavə, Ermənistan azərbaycanlı əhalinin qovulduğu ərazilərdə etnik təmizləmələr, torpağın və əmlakın müsadirə edilməsi və toponimlərin dəyişdirilməsi ilə yanaşı, özünün həmin yerlərdə azərbaycanlıların tarixi və mədəni köklərinin izlərini məhv etməyə yönəlmiş siyasəti və praktikası çərçivəsində Azərbaycanın mədəni irsinin dağıdılması, murdarlanması, qarət edilməsi və mənimsənilməsi ilə məşğul olub.

Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri daha sonra vurğulayır ki, Azərbaycan hökuməti münaqişə və işğal illəri ərzində zərər çəkmiş bütün tarixi və mədəni obyektlər arasında heç bir fərq qoymadan onların hamısını təmir və bərpa edəcək. Azad edilmiş ərazilərdə təcrübəli mütəxəssislərin və memarların iştirakı ilə iş aparılır.

Eyni zamanda, Ermənistan yalan məlumatlar yaymağı, düşmənçiliyi qızışdırmağı davam etdirir. Buna görə də beynəlxalq birlik möhkəm və davamlı sülhə, ədalətə və barışığa kömək məqsədilə yaddan çıxarmamalı və israrla vurğulamalıdır ki, Ermənistan özünün başladığı müharibəyə, on minlərlə dinc sakinin qətlə yetirilməsinə, minlərlə şəhər, qəsəbə və kəndin yerlə-yeksan edilməsinə görə məsuliyyət daşıyır və onun yeganə məqsədi saxtalaşdırılmış tarixi nəzəriyyələrə və irqi xurafata əsaslanan qeyri-qanuni ərazi iddialarını reallaşdırmaqdır.

Məktuba Ağdam, Qubadlı və Zəngilan rayonlarında dağıdılmış və murdarlanmış məscidlərin, Ağdam rayonunun Qiyaslı kəndindəki yandırılmış məscidin, Arzu-xatun kilsəsinin şərq divarından çıxarılaraq qeyri-qanuni şəkildə Ermənistana aparılmış freskanın, habelə Azərbaycan xalqının ermənilər tərəfindən dağıdılmış digər mədəni irs obyektlərinin təsvirləri əlavə edilib.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev məktubunun sonunda Baş katibdən həmin məktubu Baş Assambleyanın gündəliyinin 15, 34, 35, 40, 64, 70, 72, 86 və 135-ci bəndləri üzrə Baş Assambleyanın sənədi və Təhlükəsizlik Şurasının sənədi kimi yayılmasını xahiş edib.

Teqlər: