Ermənistanda revanşist qüvvələr Prezident İlham Əliyevin xəbərdarlığından nəticə çıxarmalıdır – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Ermənistanda baş qaldıran revanşist qüvvələr Azərbaycan Prezidenti İlham Əliyevin xəbərdarlığından ciddi nəticə çıxarmalıdır.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev aprelin 26-da Cəbrayıl və Zəngilan rayonlarına növbəti səfəri zamanı Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışında Ermənistanda baş qaldıran revanşist qüvvələrə də çox ciddi xəbərdarlıq etdi, onları bu çirkin əməllərdən əl çəkməyə çağırdı, əgər onlar bu təxribatlara davam etsələr, axırının çox pis olacağını bir daha qeyd etdi:

“Prezident xüsusi vurğuladı ki, bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində Azərbaycan sərhədçilərinə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək. Ermənilər bunu yaxşı anlamalıdırlar”.

Deputat qeyd edib ki, səfər zamanı Cəbrayıl rayonunun girişində “Xoş gəlmişsiniz” lövhəsinin açılışı xüsusi əhəmiyyət kəsb edirdi: “Bu bütövlükdə bölgədə quruculuq və abadlıq işlərinin sürətli aparılmasının göstəricisidir. Lövhə sovet dövründə qoyulmuşdu, ancaq uzun müddət ərazi işğal altında olduğundan onun bərpası mümkün deyildi. Ərazilər müzəffər Azərbaycan ordusu tərəfindən işğaldan azad olunduqdan sonra lövhənin təmirinə başlanıldı və qısa müddətdə ən yüksək səviyyədə bərpa olundu”.

Deputat əlavə edib ki, Azərbaycan öz torpaqlarını erməni işğalından azad etdikdən sonra Azərbaycan-İran arasında 132 kilometrlik sərhəd xəttinin tam bərpa edilməsi, sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işlərinin görülməsi və hərbi hissənin fəaliyyətə başlamasını təmin etdi:

“Səfər zamanı Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışında çıxışı zaman Ali Baş Komandan İlham Əliyev bir sıra vacib məqamlara toxundu. Azərbaycan-İran sərhədinə dostluq, əməkdaşlıq sərhədi kimi baxır. Bu sərhəd hər iki ölkənin, vətəndaşların maraqlarına xidmət edir. Burada digər mühüm məsələ İranla sərhəddə, Araz çayı üzərində birgə su bəndinin şimal hissəsinin mühafizəsinin Azərbaycana keçməsi, bundan sonrakı dövrdə Azərbaycan sərhədçiləri tərəfindən mühafizə edilməsidir. Bu bənd strateji əhəmiyyət daşıyır”.

C.Məmmədov qeyd edib ki, məlum olduğu kimi, Xudafərin körpüsü Oktyabrın 18-də düşməndən azad edilib, həmin ərazilərdə şiddətli döyüşlər gedib, sərhədçilərimiz, hərbçilərimiz böyük şücaət və qəhrəmanlıq göstərərək düşmən ordusunu geri oturdublar.

Teqlər: