Ermənilər səfərbərliyə başlayır

Ermənilər səfərbərliyə başlayır

Ermənistan prezidenti Serj Sarkisyan İrəvanda keçirilən “Milli ordu – 2017” forumunda iddia edib ki, ermənilər həm yaxşı bağban, həm də yaxşı əsgərdirlər.

Serj Sarkisyan deyib: “Bizə öz bağını – bizim Ermənistanı, öz əməyinin zəhmətini becərməyi və qorumağı bacaran tam keyfiyyətli insanlar, ölkəyə sahib çıxanlar lazımdır. Dinc şəraitdə biz bağban millətik, təhlükə anında isə biz ordu millətə çevrilirik”.

Təbii ki, Serj Sarkisyanın bu dediklərinin fantaziya olduğunu hər bir kəs anlayır. Ermənilər bağban millət olsaydılar, dağ çaylarının və Arazın vadilərində yerləşən, əkin-biçin üçün yararlı olan torpaqlarını boş qoymazdılar. Rəsmi statistikaya görə, Ermənistanda son 25 ildə 100-ə yaxın kənd tamamilə ləğv edilib, 300-ə yaxın kənddə isə yalnız 1-2 ailə – kənd icra nümayəndəliklərində işləyənlərin ailələri qalıb.

Erməni jurnalistlərin etirafına görə, ölkədə real olaraq 1,8 milyon adam yaşayır. Bu, 1992-ci ilin göstəricisindən 2 dəfə azdır. Ermənilar işğal etdikləri Azərbaycan ərazilərini də xaraba qoyublar, sovet vaxtı 160 min erməninin yaşadağı Dağlıq Qarabağda isə indi cəmi 60 min erməni qalıb.

Amma erməni liderin dediklərindən belə anlaşılır ki, əhalinin sayının azalması Ermənistanda hərbi qulluqçu çatışmazlğına səbəb olub. Serj Sarkisyan bu cür sözlərlə erməni gəncləri hərbi qulluğa həvəsləndirməyə çalışır.

Bu həvəsləndirmə təkcə sözlə deyil, həm də pulla təklif edilir. Məsələn, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Hovannisyan öz “Facebook” səhifəsində yazıb ki, ali məktəbləri bitirən gənclərə ayda 500 dollar maaşa 3 illiyə orduda zabit kimi qulluq etmək təklif edilir. Bu, İrəvandakı orta maaş göstəricisindən 2 dəfə, regionlardakı orta maaş göstəricisindən isə 3 dəfə yüksək rəqəmdir.

Orduya çağırış yaşı çatmış gənclərə isə 3 illik muzdlu- müddətli hərbi xidmət təklif edilir. Onlar həmin müddətin 7 ayını öz evlərində keçirəcəklər. Yəni 6 aydan sonra muzdlu əsgərlər 1+1+2 sistemi ilə xidmət edəcəklər. Bunun 1 həftəsini evdə, 1 həftəsini hazırlıqda, 2 həftəsini isə ön cəbhədə keçirəcəklər.

Orduda 3 illik xidməti başa çatdıran gənclərə 10 min dollar pul verilir və onlar bu pulu 3 istiqamətdə – şəhərlilər ucuz ipoteka, kəndlilər isə mini ferma yaratmaq istiqamətində, yaxud təhsil haqqı kimi istifadə edə bilər.

Yetərincə əlverişli şərtlər olmasına baxmayaraq, erməni gənclərin razılaşacağına inanmaq çətindir. İstənilən halda, erməni gənc bu 3 ilin düz yarısını ön postlarda keçirməlidir. Orda isə ölüm faizi çox yüksəkdir – ya zəlzələdən, ya vəlvələdən.