Ermənistan bütün beynəlxalq konvensiyaları pozaraq mina xəritələrini verməkdən imtina edir – Səfir

Fransa Senatında Qarabağ müharibəsi ilə bağlı yaradılmış işçi qrupun məruzəçiləri Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfiri Rəhman Mustafayevlə dinləmələr təşkil edib.

AzerTimes Azərbaycanın Fransadakı səfirliyinə istinadən xəbər verir ki, dinləmələr zamanı səfir Rəhman Mustafayev 44 günlük müharibədən sonrakı mərhələnin əsas çağırışlarından – azad edilmiş ərazilərimizin minadan təmizlənməsi, yenidənqurma işləri, iki ölkə arasında barışıq, Qarabağın icmaları arasında etimadın yaradılması və erməni mənşəli vətəndaşların inteqrasiyası, eləcə də UNESCO-nun texniki missiyasından bəhs etmişdir.

Səfir qeyd etmişdir ki, indiki mərhələdə əsas yolların minalanmış olması ən böyük fəlakətdir. Şəhərlər, kəndlər, qəbiristanlıqlar 30 illik işğal dövründə yerlə-yeksan edilmişdir. Ermənistanın mina xəritələrini verməkdən imtina etdiyi vurğulanaraq, bu səbəbdən doğma torpaqlarından 30 ildir didərgin salınmış azərbaycanlı məcburi köçkünlərin evlərinə dönə bilmədiyini xatırladılmışdır.

R. Mustafayev hal-hazırda ən aktual problemin ərazilərimizin minalardan təmizlənməsi olduğunu vurğulamışdır. Ermənistan tərəfi bütün beynəlxalq konvensiya və müharibə qaydalarını pozaraq mina xəritələrini verməkdən imtina edir. Nəticə olaraq, müharibə bitdikdən sonra Azərbaycan tərəfi hələ də itki verməyə davam edir – 20 mülki şəxs və 7 əsgər mina partlayışının qurbanı olmuşdur.

Səfir 1945-ci ildən bəri bütün böyük müharibələr bitdikdən sonra müharibə edən tərəflərin həmişə mina xəritələrini bir-biriləri ilə dəyişdirdiklərinə diqqət çəkmişdir. Bunlar beynəlxalq konvensiyaların, xüsusən 1997-ci il Minaların Qadağan Edilməsi Müqaviləsinin və beynəlxalq ənənəvi hüququn tələbləridir. Bu, 1947-1948, 1965 və 1971-ci illərdəki Hindistan-Pakistan müharibələrindən, 1967 və 1973-cü illərdəki Ərəb-İsrail müharibələrindən və 1995-ci ildəki keçmiş Yuqoslaviyadakı müharibələrdən sonra da belə olmuşdur. Sovet qoşunları Əfqanıstandan ayrıldıqdan sonra 1988-ci ildə də mina xəritələri Əfqanıstan tərəfinə təqdim edilmişdir. Lakin, Ermənistan xəritələri təqdim etməkdən imtina edir və Fransa mətbuatı isə bu barədə heç nə yazmır.

R.Mustafayev son günlər Fransa mətbuatında “erməni əsgərlərinin saxlanması” ilə bağlı təhrif olunmuş məlumatların yer aldığını, əslində, onların gecə vaxtı ərazilərimizi yenidən minalamağa cəhd edən diversiya qrupu olduğunu və bununla bağlı təhqiqat aparıldığını diqqətə çatdırmışdır.

Səfir bildirmişdir ki, Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən əsir götürülən 4000 azərbaycanlının taleyindən bu gün də xəbər yoxdur. Bu gün qondarma “müharibə əsirləri” deyən Ermənistan, əslində, mülki azərbaycanlılara qarşı törətdiyi cinayətləri ört-basdır etməyə cəhd edir. Ermənistanın yaxın dostu olan Fransa mövcud imkanlarından istifadə edərək azərbaycanlıların taleyi ilə bağlı məlumatların ölkəmizə təqdim edilməsinə yardım göstərə bilər.

Fransalı senatorun 44 günlük müharibənin Ermənistan üçün təhqir və alçaldıcı olması ilə bağlı fikrinə cavabında bildirilib ki, Azərbaycan ötən əsrin 90-cı illərində BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və Fransanın da səs verdiyi 4 qətnamənin həyata keçirilməsini 30 il gözləmişdir. Həmin qətnamələr erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. 2020-ci ilin payızında Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etmişdir. Bu, kimsə üçün fəlakət ola bilər, ancaq beynəlxalq hüquq çərçivəsində bu, regionda qanuni vəziyyətin bərpasıdır.
Son günlər sərhədlərdə baş verən hadisələrlə bağlı qeyd edilmişdir ki, Azərbaycan əraziləri sovet rejiminin iflasının ilk günündən işğal altında olduğu üçün iki ölkə arasında delimitasiya və demarkasiya işləri aparılmayıb. Səfir Azərbaycan xəritəsini təqdim edərək, bu gün sərhədçilərimizin beynəlxalq səviyyədə tanınmış sərhədlərimizdə dayandığını diqqətə çatdırmışdır. O, bildirmişdir ki, Fransa mətbuatının tez-tez haqqında yazdığı Sünik tarixən Azərbaycana məxsus olmuş Zəngəzurun ərazisindədir.

Dağlıq Qarabağın statusu ilə bağlı suala cavab verən səfir bildirmişdir ki, bu məsələ artıq öz həllini tapıb. Azərbaycan Respublikası Konstitusiyasının 2 fəslinin 7-ci maddəsinin 1-ci bəndində aydın göstərilib ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan unitar, bütöv, bölünməz ölkədir.

Müharibə dövründə Fransanın qərəzli mövqe tutduğu, Senat və Milli Assambleyada qeyri-qanuni qərarların qəbul edildiyi xatırladılmışdır. Səfir qeyd etmişdir ki, Ermənistanla ən yaxın olan ölkə kimi Fransa bu gün açıq qalan məsələlərə, o cümlədən iki ölkə, eləcə də Azərbaycan və erməni icmaları arasında etimadın və etibarın qurulmasına, sülhün bərqərar olmasına töhfə verə bilər. Regionda yalnız qərəzsiz Fransaya yer var.

Qed olunmuşdur ki, Fransa Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə tanımalıdır. Bunlar Fransanın regiona qayıtması və Azərbaycanla münasibətlərinin inkişafı üçün əsas baza prinsipləridir. Fransa regiona qayıtmaq üçün bölgənin ən güclü dövləti olan Azərbaycanın sülh quruculuğu səylərini dəstəkləməlidir.

Teqlər: