Ermənistan 30 il işğalda saxladığı ərazilərdə misilsiz mədəniyyət incilərini məhv edib – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Ümumbəşəri əhəmiyyətə malik multikultural dəyərlərin, mədəni və etnik rəngarəngliyin qorunması Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Mədəniyyətlərin qarşılıqlı anlaşmasının və sivilizasiyalararası dialoqun ən vacib alətlərindən biri olan multikulturalizm bizim ölkəmizdə həyat tərzinə çevrilib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın bilavasitə diqqəti, qayğı və dəstəyi nəticəsində ötən müddətdə bu istiqamətdə mühüm addımlar atılıb.

AzerTimes-ın məlumatınan görə, bunu Milli Məclisin deputatı Soltan Məmmədov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Məmmədov bildirib ki, Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə dini və tarixi-mədəni abidələr vəhşicəsinə dağıdılıb, bu torpaqlarda Azərbaycan xalqının misilsiz mədəniyyət inciləri məhv edilib:

“Şübhəsiz ki, Azərbaycan dövləti bu abidələri bərpa edəcək, işğaldan azad olunmuş ərazilərdə yeni həyat qurulacaq.

Azərbaycan dünyanın azsaylı ölkələrindən biridir ki, burada dini və etnik tolerantlıq, multikulturalizm insanların yaşam tərzinə çevrilib. Bildiyiniz kimi, Azərbaycan dövləti, xüsusilə də ölkəmizdə fəaliyyət göstərən Heydər Əliyev Fondu dünyanın müxtəlif guşələrində tarixi əhəmiyyətli dini və mədəni abidələrin qorunması, bərpası ilə bağlı layihələr həyata keçirir. Bu günlərdə Heydər Əliyev Fondu ilə Vatikan arasında katakombaların bərpasına dair yeni əməkdaşlıq müqaviləsinin imzalanması ölkəmizin bütün beynəlxalq aləm üçün dünya mədəni irsinin qorunması və multikulturalizmin təbliğinə mühüm töhfələrindən biri olacaq. Bu təşəbbüs Azərbaycanın nəinki öz torpaqlarında, eyni zamanda dünya miqyasında mədəni irsin qorunmasına xüsusi önəm verdiyini, bu cür layihələrin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu göstərən açıq mesaj olacaqdır.

Qeyd edim ki, Vatikana səfər edən Azərbaycan nümayəndə heyətinin tərkibində Qafqaz Müsəlmanları İdarəsi, Dağ Yəhudiləri, Avropa yəhudiləri, katolik və pravoslav icmalarının təmsilçilərinin də olması Azərbaycandakı dini tolerantlıq, multikultural dəyərlərə verilən xüsusi önəmin təzahürü kimi qiymətləndirildi. Dini icmaların nümayəndələri də keçirilən görüşlərdə Azərbaycanda dini və etnik tolerantlığın yüksək səviyyədə olduğunu, mədəniyyətlərarası dialoqa ölkəmizin çox mühüm töhfələr verdiyini xüsusi vurğuladılar. Səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycan nümayəndə heyəti ölkəmizin işğaldan azad edilmiş ərazilərindəki müxtəlif konfessiyalara məxsus tarixi-mədəni irsin bərpasında Vatikan mütəxəssislərinin yaxından iştirakının vacibliyini qeyd edərək onları bu missiyanın icrasında iştirak etməyə dəvət etmişdir”.

Deputat qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə tarixi dini abidələrin bərpası istiqamətində dövlətimizin həyata keçirdiyi tədbirlər bütün dünyaya Azərbaycan multikulturalizmi modelinin növbəti dəfə təqdim etmək baxımından xüsusi əhəmiyyətə malik olacaq: “Bu torpaqlarda mənşəyindən asılı olmayaraq məhv edilmiş mədəni irs nümunələrinin bərpası üçün zəruri addımlar atılacaq. Əminəm ki, bu tədbirləri uğurla həyata keçirməklə Azərbaycan dünyaya multikulturalizm, mədəniyyətlərə, dinlərə ehtiram ifadə edən daha bir nümunə göstərəcək”.

Teqlər: