Erməni lobbiçilərinin yalançı təbliğatına münasibətdə “soyqırımı” ifadəsinin istifadə edilməsi ABŞ hökumətinin tarixi səhvidir – Tamam Cəfərova

Co Baydenin 1915-ci il hadisələri ilə bağlı “soyqırımı” ifadəsini işlətməsi yalnız təəssüf doğurur. Erməni lobbiçilərinin yalançı təbliğatına münasibətdə “soyqırımı” ifadəsinin istifadə edilməsi ABŞ hökumətinin tarixi səhvidir və tarixin saxtalaşdırılmasına şərik olmaqdır. C.Baydenin “humanizm” nümayiş etdirmək adı altında ermənisevərliyi ABŞ tarixinə ədalətsizlik ləkəsidir və onun səsləndirdiyi bəyanatda 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətləri təhrif etməsi bir daha dünyanın ikili siyasətini, beynəlxalq hüququ özlərinin maraqlarına qurban verdiklərini təsdiqləyir. ABŞ prezidentinin radikalyönümlü açıqlaması heç bir hüquqa söykənmir. Hüquqi əsası olmayan bu qərar sadəcə bəzi qüvvələri rahatlada bilər. Baydenin qərarının Türkiyə üçün heç bir əsası yoxdur. Bu ədalətsiz bəyanatı qınayırıq və hər zaman qardaş Türkiyənin yanındayıq!

Bunu AzerTimes-a Millət vəkili Tamam Cəfərova belə deyib.

Deputat bildirdi ki, Prezident Baydenin 1915-ci il hadisələrindən 106 il sonra, indiyədək ABŞ dövlət başçılarından heç birinin haqlı olaraq dilə gətirmədiyi qondarma “erməni soyqırımı” ifadəsini işlətməsi, istər-istəməz belə bir sualın gündəmə gətirilməsinə əsas yaradır: 106 il öncə olmamış bir hadisə barədə danışan Bayden nə üçün 30 il öncə törədilmiş Xocalı soyqırımını tanımır, 2020-ci ildə kasetli bombalarla onlarla insanın qətlə yetirildiyi Gəncə, Bərdə, Tərtər terrorları haqqında danışmır? Bu da bir daha ABŞ-ın dövlət siyasətində ikili standartların olduğuna işarədir. Eyni zamanda, Bayden prezident seçildiyi gündən etibarən haqqında danışdığı “demokratiya”, “insan hüquqları”, “ədalət” prinsiplərini də ayaqları altına atdı. BMT TŞ qərarları olmadan istədiyi ölkənin ərazisinə hərbi müdaxilə etməkdə nümunə olan ABŞ qondarma tarixi hadisələrə siyasi qiymət vermək işində də presedent yaratdı. Ona görə də, bundan sonra yalan üzərində yazılmış tarixi dünyaya qəbul etdirmək üçün sıraya düzülənlərin sayının artacağına heç şübhə yoxdur. Amerika bölgədə sülhü və əməkdaşlığı dəstəkləmək əvəzinə, Ermənistanın cinayət əməllərini dəstəkləməyi üstün tutdu.

Bu addımın atılmasının əsas səbəblərindən biri də Türkiyənin bölgədə durmadan nüfuzunun artmasının Qərbdəki bir sıra dairələri narahat etməsinin göstəricisidr. Ancaq bu Türkiyənin artan nüfuzunun qarşısını ala bilməz. Türkiyə sürətlə inkişaf edir və bölgədə nüfuzu durmadan artır.

Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Türkiyəyə qarşı olan addım Azərbaycana qarşıdır və Azərbaycana qarşı olan hər hansı addım da Türkiyəyə qarşıdır. Azərbaycan və Türkiyə bütün ümummilli məsələlərdə bir-birilərini dəstəkləyiblər. Məhz Baydenin bəyanatından sonra Azərbaycan Respublikasının Prezident İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı da bunu sübut edir. Dövlət başçımız C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatı qınayıb. Bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv adlandırıb. Dövlətimizin başçısı Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğulayıb. Söhbət zamanı Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirib. Prezident Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib.

Ardınca XİN, Parlament rəhbərləri danışdılar, ölkəmizin 48 siyasi partiyası bəyanat qəbul etdi. Bütün sadə vətəndaşlara qədər hər bir kəs qardaş Türkiyənin yanında olduğunu nümayiş etdirdi. Bu, təbii olaraq qardaşlığın göstəricisidir. Bundan sonra da baş verəcək proseslərdə, qəbul ediləcək qərarlarda da, Azərbaycan hər zaman olduğu kimi, qardaş Türkiyənin yanında olacaq!

Teqlər: