Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzi ilə əməkdaşlığa başlayır

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzi (CGSS) fəaliyyət sahələri üzrə əməkdaşlıq həyata keçirəcəklər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bu məqsədlə qurum rəhbərləri Elşən Əsədov və Xalid Taimur Akram tərəfindən niyyət protokolu imzalanıb.

Tərəflər əmək bazarının tədqiqi, məşğulluq və sosial müdafiə məsələləri üzrə qarşılıqlı təcrübə mübadiləsi həyata keçirəcək, birgə seminar və konfranslar təşkil edəcək, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq edəcəklər.

2016-cü ildə təsis edilən CGSS təhlil və araşdırma yolu ilə siyasət və qərarların qəbul edilməsi prosesinə yardım edir. “Bir kəmər, bir yol” təşəbbüsü” üzərində işləyən Mərkəz geostrateji məsələlər, regional əməkdaşlıq, milli təhlükəsizlik strategiyası, beynəlxalq münasibətlər, milli və qlobal təhlükəsizlik, iqlim dəyişikliyi, qida təhlükəsizliyi, terrorizmlə mübarizə və s. məsələləri araşdırır.

Teqlər: