Əlillik statusu alanların reabilitasiya potensialı müəyyən ediləcək

Xəbər - İlhamə İsabalayeva – Trend:

Ölkə üzrə nə qədər əlilin reabilitasiya xidmətinə ehtiyacının olduğu məlum deyil. Bu günə qədər o hesabatlılığı təmin edə biləcək bir sistem yoxdur.

Bunu AzerTimes-a Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya və İstehsalatın Təşkili Departamentinin direktoru Çingiz Hacıyev deyib.

Departament direktorunun sözlərinə görə, əlilliyi olan şəxslərin hamısının demək olar ki, az və ya çox dərəcə də reabilitasiyaya ehtiyacı var:

“Elə insan var ki, onları reabilitasiya xidmətinə cəlb edə bilsək, yüksək nəticə əldə edəcəyik. Bu halda onun əlilliyinin dərəcəsinin aşağı salınmasını, fiziki məhdudiyyətini aradan qaldıra bilərik. Amma elə insan var ki, xəstəliklə, sosial mühitlə əlaqədar elə nəticə əldə edə bilmərik. Çünki əlilliyi olan hər bir insanın özünəməxsus reabilitasiya potensialı var. Bizim hədəfimiz ümumi əlillik statusu alan şəxslərin reabilitasiya potensialının müəyyən edilməsidir. Bu günə qədər bu iş edilməyib. Biz artıq bu prosesə başlamaq istəyirik”.

C.Hacıyev qeyd edib ki, Nazirlər Kabinetinin qərarına görə bu ildən fərdi reabilitasiya proqramının icrasına başlanılır.

O bildirib ki, əlilliyi olan hər bir şəxsin reabilitasiyaya, cəmiyyətə inteqrasiyası üçün müəyyən reabilitasiya vasitələrinə ehtiyacı var. Bu proqram çərçivəsində əlilliyi olan şəxsin reabilitasiya potensialı və proqnozu dəyərləndirilməlidir:

“Bu halda reabilitasiya fərdi olur. Bu proqramın məqsədi ehtiyacı dəyərləndirmək və nəticəyə yönəlmiş tədbir görməkdir. Çox təəssüflər olsun ki, əlilliyi olan şəxslər reabilitasiyaya bir istirahət kimi baxır. Əlbəttə, istirahətin də reabilitasiyaya bir təsiri var. Amma reabilitasiya ağır və iki tərəfin- vətəndaşın və reabilitasiya müəssisəsinin cəlbinin lazım olduğu bir prosesdir. Vətəndaş təyin olunmuş proseslərə əməl edərək nəticəyə yönəlmiş hərəkətlər etməlidir”.

Teqlər: