Ekologiya Nazirliyi azad edilmiş ərazilərdə layihələr reallaşdırmağı planlaşdırır – Nazir müavini

Xəbər - Fidan Babayeva, tərcümə Orxan Nəbiyev – Trend:

2021-ci il üçün Azərbaycanını işğaldan azad olunmuş ərazilərindəki çaylarda suların miqdarını ölçmək üçün 12 cihazın alınması nəzərdə tutulub.

Bunu AzerTimes-a ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığı ilə dövlət investisiyası hesabına 2018-ci ildə hava limanı və ona yaxın ərazilərdə çirklənmiş ərazilərin təmizlənməsi ilə bağlı iki layihə həyata keçirilib:

“Hava limanı ərazisindəki Çuxurdərə deyilən yerdə ümümi sahəsi 256 hektar olan ərazinin abadlaşdırılması və sağlamlaşdırılması layihəsi. Burada 34 hektar ərazi neft və neft məhsulları ilə çirklənmiş köhnə neft anbarının ərazisi olub, layihə çərçivəsində həmin ərazi təmizlənib, 78 hektar gölməçə ərazisi qurudulub, drenaj sistemi qurulub və ərazi abadlaşdırılaraq sağlamlaşdırılma işləri aparılıb”.

Nazir müavini bildirib ki, digər layihə keçmiş Yod-brom zavodunun tullantı poliqonunun müxtəlif kimyəvi tullantılardan təmizlənməsi, torpaq qatının sağlamlaşdırılması olub:

“Birinci mərhələdə, 2018-2019-cu illərdə 65 hektar, ikinci mərhələdə, 2019-2020–ci illərdə 100 hektar sahə yararlı vəziyyətə gətirilib, Abşeron şəraitinə uyğunlaşdırılmış 120 mindən çox ağac və kol tingləri əkilib, min hektardan çox ərazinin suvarılması üçün Hövsan Aerasiya stansiyasından su çəkilib və hazırda həmin su təmizlənərək yaşıllıqların suvarılmasında istifadə olunur”.

V.Kərimov vurğulayıb ki, dövlət investisiyası hesabına Zığ gölünün ətrafındakı 150 hektara yaxın ərazinin layihəsi hazırlanacaq, həmin ərazinin təmizlənməsi, yaşıllaşdırılması və abadlaşdırılması işləri bu il, yaxud qarşıdakı illərdə dövlət büdcəsi və ya digər maliyyə mənbələri hesabına həyata keçiriləcək.

O xatırladıb ki, əvvəlki illərdə başlanan və dövlət investisiyası çərçivəsində həyata keçirilən hidrometeoroloji avadanlıqların alınması layihələrinin icrası bu il də davam etdiriləcək:

“Bu layihə çərçivəsində 2019-2020-ci illərdə 5 ədəd atmosfer havasının monitorinqi stansiyası alınaraq respublikanın böyük şəhərlərində, üçü Bakıda, biri Gəncədə, biri isə Sumqayıtda olmaqla quraşdırılıb. 2 ədəd erkən xəbərdarlıq sistemi (radar sistemi) alınaraq Göygöl və Şamaxı rayonları ərazisində quraşdırılıb. Bu avadanlıqlardan toplanılan məlumatların emalı və modelləşdirilməsi üçün yeni situasiya mərkəzinin 2021-ci ildə alınaraq quraşdırılması nəzərdə tutulub”.

V.Kərimov əlavə edib ki, digər vacib istiqamət hidroloji ölçmə cihazları stansiyalarının quraşdırılmasıdır:

“Su ehtiyatlarının qiymətləndirilməsi ilə bağlı ən mühüm məqamlardan biri də ölkə ərazisinə daxil olan və ya ölkə ərazisində formalaşan suların miqdarının müəyyənləşdirilməsidir. Bununla bağlı hələ Sovet dövründən qalan köhnə cihazlardan istifadə olunmaqla ölçmələr aparılıb. Bu sahədə əsaslı dönüşlərə nail olmaq üçün dövlət investisiyası layihəsi çərçivəsində 17 ədəd, müxtəlif layihələrdən cəlb olunmuş vəsait hesabına isə əlavə 8 ədəd avtomatik ölçmə cihazı alınaraq çox sulu çaylarımızda və böyük su anbarlarımızın giriş-çıxışlarında artıq quraşdırılıb. Bu layihə 2020-ci il əzində başa çatdırılıb. Avtomatik ölçmə cihazlarının quraşdırılması işləri növbəti illərdə də davam etdiriləcək və 2022-2023-cü illərdə daha 20 cihaz alınaraq ölkənin digər çox sulu çaylarında və böyük su anbarlarının giriş-çıxışlarında quraşdırılacaq.”