Əfv sərəncamı dövlət başçısının humanizm siyasətinin daha bir nümunəsidir – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Prezident İlham Əliyevin martın 18-də imzaladığı əfv sərəncamı dövlət başçısının humanizm siyasətinin daha bir nümunəsi, milli həmrəyliyə istiqamətlənmiş növbəti humanist addımıdr. Novruz bayramı ərəfəsində növbəti əfv sərəncamının imzalanması bir daha göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş amili dayanır.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin humanizm ənənələrini davam etdirən Prezident İlham Əliyev tərəfindən əfv sərəncamlarının imzalanması artıq ənənə halını alıb və belə sərəncamların hər biri yüzlərlə vətəndaşımızın ailələrinə sonsuz sevinc bəxş edib:

“Dövlətimizin başçısı müxtəlif qanun pozuntularına yol verdiklərinə görə azadlıqdan məhrum edilən insanları əfv etməklə onların ailələrinə sevinc bəxş etdi. Bu sərəncam birinci deyil, belə ki, dövlət başçısının bundan öncə imzaladığı müvafiq sərəncamlar, həmçinin Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları on minlərlə şəxsi əhatə edib. Yəni, Azərbaycan hökumətinin məqsədi insanı cəzalandırmaq deyil, qanunun aliliyini gözləməklə insanı etdiyi səhvdən çəkindirməkdir.

“Ümumiyyətlə, əfv sərəncamlarının imzalanmasının həm də əxlaqi, mənəvi-psixoloji, ictimai faydası inkaredilməzdir. Eyni zamanda, cinayətkarlıq yolundan üz çevirərək özünü təkmilləşdirməyə çalışan və bununla başqalarına da nümunə olan insanların sayının artması cəmiyyət daxilindəki kriminogen durumun stabilliyinə, cinayətkarlığın və ümumiyyətlə, neqativ halların səviyyəsinin azaldılmasına təsir göstərən faktor kimi çıxış edir. Yəni, əfv məsələsinə baxılarkən məhkumların və onların ailə üzvlərinin müraciətləri, məhkumların səhhəti, törətdikləri cinayətlər, cəza çəkdikləri müddətdə davranışları və digər məsələlər nəzərə alınır”.

V.İskəndərov əfv olunanların dövlətin, şəxsən Prezident İlham Əliyevin bu humanist addımına adekvat reaksiya verəcəklərinə əmin olduğunu bildirib: “Əminəm ki, sərəncama əsasən əfv edilən şəxslər bu humanist aktdan düzgün nəticə çıxaracaq, Azərbaycan dövlətinin qanunlarına gələcəkdə dönmədən əməl edəcəklər”.

Teqlər: