Dustaq məhkəmədən qaçdı

Dustaq məhkəmədən qaçdı

Şəmkir Rayon Məhkəməsində mühakimə olunan Eşqin Murtuzov məhkəmə zalının pəncərəsindən çıxaraq qaçıb. E.Murtuzov qəsdən adam öldürmə və digər cinayətlərdə təqsirləndirilir. Hal-hazırda həbs olunması istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, Şəmkir rayon Seyfəli kənd sakini, 1996-cı il təvəllüdlü E.Murtuzov bu ilin yanvarın 17-də həbs olunub. O, Şəmkir rayonunun Seyfəli kəndi ərazisində Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü sürücü Namiq Əli oğlu Babayevi bıçaqlayaraq ona məxsus avtomobili qaçırıb. Namiq Babayev hadisədən iki gün sonra yerləşdirildiyi xəstəxanada ölüb.

E.Murtuzov Gürcüstana keçmək istəyərkən “Sınıq Körpü” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

Qaçırılan “VAZ-2107” markalı avtomobil Şəmkir rayon Seyfəli kənd sakini, maşın ustası Kamal Kərimovda aşkarlanıb. Polisə ifadə verən K.Kərimov isə maşını həmkəndlisi E.Murtuzovdan aldığını bildirib.

19:15 ▼
Şəmkir rayon prokurorluğundan verilən məlumata görə isə, prokurorluqda istintaq edilən cinayət işi üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Eşqin Murtuzov 12 may 2017-ci il tarixdə saat 17:30 radələrində istintaq hərəkətinin icra edildiyi yerdən mühafizə altından qaçaraq oranı özbaşına qanunsuz tərk edib. Rayon polis şöbəsi və prokurorluq əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində E.Murtuzovun rayonun Seyfəli kəndi ərazisində gizləndiyi yer müəyyənləşdirilib və tutularaq istintaqa cəlb olunub.

mehkemeden-qacan