Dollara tələb azalır: Hərraclarda 365 milyon dollar satılmamış qaldı

Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

Mərkəzi Bankdan AzerTimes-ə verilən məlumata görə, hərracda tələb 30,6 mln.ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Cari ilin fevral ayından başlayaraq valyuta hərraclarında, eləcə də valyuta bazarının nağd və qeyri-nağd seqmentlərində tələb əhəmiyyətli azalmaqdadır. Cari ilin II rübündə keçirilmiş 19 valyuta hərracının 18-də tələb təklifdən aşağı olub.

Yaranmış meyillər dünyada COVID-19 virusuna qarşı uğurla həyata keçirilən vaksinasiya proqramları fonunda karantin məhdudiyyətlərinin yumşaldılması nəticəsində qlobal iqtisadi canlanma prosesinin sürətlənməsi, qlobal enerji bazarlarında neftin qiymətinin bərpası, ölkədə qeyri-neft ixracının artımı, gözləntilərin əhəmiyyətli yaxşılaşması və həyata keçirilən kontrtsiklik makroiqtisadi siyasətdən təsirlənir. Hazırda hərraclarda Dövlət Neft Fondunun qrafikə uyğun satıla bilməyən vəsaiti 364 mln.ABŞ dolları təşkil edir. İlkin qiymətləndirmələrə görə 2021-ci ilin I rübündə ölkənin cari əməliyyatlar balansında ÜDM-in 5.6%-i həcmində profisit olmuşdur. Qeyd olunan daxili və xarici amillərin mövcudluğu manatın məzənnəsinin sabitliyinin fundamental amillərlə bağlı olduğunu göstərir və valyuta bazarında tarazlığın qarşıdakı dövrdə də təmin olunacağını şərtləndirir.

Teqlər: