Doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanına qeydiyyat elan edilib

Dövlət İmtahan Mərkəzi 2021-2022-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün qeydiyyat elan edib.

DİM-dən AzerTimes-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat 2021-ci il iyunun 7-dən 13-dək internet vasitəsilə aparılacaq.

İmtahanda iştirak ödənişlidir. Namizədlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan 90 (doxsan) manat məbləğində pul vəsaitini (xarici dil imtahanından azad olunanlar istisna olmaqla) əlavə etməlidirlər. Qüvvədə olan müvafiq xarici dil sertifikatına malik namizədlər xarici dil imtahanından azad olunur və ərizənin təsdiqi zamanı heç bir ödəniş etmirlər. Digər namizədlər ərizələrini təsdiq edərkən onların şəxsi kabinetinin pul hesabından tələb olunan məbləğ (90 manat) silinir.
Namizədlərin imtahan verəcəkləri xarici dilin seçiminə qoyulan tələbləri nəzərinizə çatdırırıq.

Yuxarıda qeyd olunan hər hansı bir magistr ixtisaslaşmasını bitirən namizədlər ixtisaslaşma dili olmayan digər iki dildən birini xarici dil kimi seçməli və həmin dildən qəbul imtahanı verməlidirlər.


Digər magistr ixtisaslaşmalarını bitirən şəxslərin xarici dil seçiminə məhdudiyyət qoyulmur, yəni onlar doktoranturaya və dissertanturaya qəbul zamanı xarici dil kimi ingilis, alman və ya fransız dilini seçə bilərlər.

Xarici dil üzrə qüvvədə olan və CEFR-in B2 və ya daha yüksək səviyyəsinə müvafiq beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar DİM-in internet saytında şəxsi kabinet yaratdıqdan sonra şəxsiyyət vəsiqələrinin, sertifikatlarının və magistr təhsili haqqında diplomlarının əslini və surətini 2021-ci il iyun ayının 8-də və ya 9-da hər gün saat 10-dan 17-dək (saat 13-dən 14-dək nahar fasiləsidir) DİM-in Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Asiya Universitetinin binasında) yerləşən ofisində yaradılan Sənəd qəbulu komissiyasına təqdim etməlidirlər. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir. Təqdim edilmiş sertifikatların həqiqiliyi və qüvvədə olması yoxlanıldıqdan sonra onların sahibləri xarici dil üzrə qəbul imtahanından azad olunurlar.

Xarici dildən imtahanda keçid balını (minimal 25 bal) toplayan və ya DİM-ə qüvvədə olan sertifikat təqdim edən şəxslər fəlsəfədən imtahana buraxılırlar. Xarici dildən imtahanda iştirak etməyənlər və ya keçid balını toplamayanlar fəlsəfə üzrə imtahana buraxılmırlar.
Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanının 2021-ci il iyunun 20 də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə iyunun 21-dən etibarən bir neçə gün ərzində keçirilməsi planlaşdırılır.

Teqlər: