Diplomatların Şuşaya səfəri həqiqətlərin dünyaya çatdırılması baxımından çox önəmlidir – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəlik rəhbərlərinin Şuşaya səfəri həm real və mövcud vəziyyətin öyrənilməsi, həm də gerçək həqiqətlərin bütün dünyaya çatdırılması baxımından çox önəmlidir.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, diplomatik korpus indiyə qədər Füzuli, Zəngilan, Cəbrayıl, Laçın, Qubadlı və Ağdamda olub:

“Bu dəfə isə Şuşanı ziyarət etdilər və növbəti dəfə öz gözləri ilə, əyani şəkildə gördülər ki, erməni qəsbkarlar, təxribatçılar 30 il ərzində, işğal dövründə hansı vandalizm aktlarını törədiblər, necə vəhşiliklər ediblər, Azərbaycan xalqının maddi və mənəvi irsinə qarşı necə talan və terror siyasəti yürüdüblər.

Diplomatik nümayəndələr hər dəfə bu səfərlərdən sonra heyrətə gəlirlər, şok yaşayırlar, erməninin əsl sifətini, simasını daha aydın görürlər. Bəli, o qanlı və vəhşi sima 30 il ərzində törədilən terrorlardan, dağıdıcılıq fəaliyyətindən çox dəqiq sezilir. Dərhal aydın olur ki, bu torpaqlar erməni üçün yad olub. Ona görə 30 il müddətində bir daş üstünə daş qoymayıblar, ancaq dağıdıblar, ancaq talan ediblər, ancaq oğurlayıblar”.

E.Musayev bildirib ki, ermənilər hətta heykələ də güllə atıblar:

“Ermənilər hətta Azərbaycana aid məzarları da dağıdıblar, məscidlərə, muzeylərə, kitabxanalara da hücum ediblər. Bax belə vəhşidirlər onlar. Bax belə vandaldırlar onlar.

İndi isə artıq həmin torpaqlar işğaldan azad olunub. Həmin torpaqlar indi nəfəs alır, dirçəlir. Qarabağda sürətli bərpa, yenidənqurma işləri aparılır. Qarabağ yenidən tikilir. Qarabağ yenidən öz gözəl simasına qayıdır. Bu isə Azərbaycan dövlətinin gücündən, potensialından xəbər verən amildir.

Mən sadəcə bir məsələ ilə bağlı təəssüf hissimi bildirmək istəyirəm ki, diplomatik korpusun Şuşa səfərində bəzi dövlətlərin, xüsusən uzun müddət ATƏT-in Minsk Qrupu həmsədrliyini həyata keçirən ölkələrin nümayəndələri yox idi. Konkret olaraq Rusiya, Fransa və ABŞ. Hərçənd onlar hamıdan öndə olmalı idilər. Onlar hamıdan daha çox maraqlı olmalı idilər ki, Azərbaycan həqiqətləri, real və mövcud vəziyyət barədə informasiyalar bütün dünyaya çatdırılsın. Fəqət, onları Şuşada görən olmadı. Yox idilər. Halbuki bir daha təkrar edirəm: həmin dövlətlər çox gözəl bilirdilər ki, məlum səfərin əhəmiyyəti çox böyükdür və onların bu səfərdə iştirak etməmələri, belə bir təşəbbüsə qoşulmamaları ilk öncə özləri tərəfindən öz nüfuzlarına vurulan ciddi zərbə kimi qiymətləndirilməlidir”.

Teqlər: