DİN toy məclislərinə nəzarət qaydalarını AÇIQLADI

Xəbər - Samir Əli – Trend:

Daxili İşlər Nazirliyi (DİN) toylara icazə verilməsi ilə əlaqədar vətəndaşlarımızı mövcud qaydalara riayət etməyə çağırır.

Məsələ ilə bağlı AzerTimes-a açıqlamasında DİN-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, toyların keçirilməsi ilə bağlı lazımi normalar müəyyənləşdirilib: “Vətəndaşlarımız tərəfindən təşkil olunan toy, nişan, ad günü məclisləri və bütün bu kateqoriyadan olan mərasimlərin keçirilməsi üçün məhdudiyyət normaları var. 50 nəfərə qədər olan tədbirlərdə maskalardan istifadə edilməsi mütləqdir. Ziyafət iştirakçıları yalnız qida qəbul edərkən maskasız ola bilər. Həmin tədbirlərdə vətəndaşdan COVİD-19 pasportu tələb olunmur. 50-dən 150 nəfərə qədər insan olan məclislərin keçirilməsində isə ciddi məhdudiyyətlər var. Toya dəvət olunan vətəndaşın mütləq şəkildə COVİD pasportu olmalıdır. Bununla yanaşı, COVİD-19-a qarşı birinci doza peyvəndi qəbul edən şəxslər də müəyyən müddətdə məclisə buraxılacaq. Yəni, birinci dozanı qəbul edən vətəndaş avqust ayının 1-nə qədər böyük məclislərə buraxılacaq. Avqustun 1-dən etibarən isə COVİD-19 pasportu olmayan şəxsin məclislərdə iştirakı qadağandır”.

E.Hacıyev qeyd edib ki, həmin tədbirlərin təşkil olunduğu obyektlərin rəhbərləri, məclis sahibləri və iştirakçılar bu məsələdə diqqətli və məsuliyyətli olmalıdırlar: “Masalar arasında sıxlıq normasına əməl olunmalı, restoranın personalı tibbi maska, əlcəklərdən və digər qoruyucu vasitələrdən istifadə etməlidir. Tədbir iştirakçıları və musiqiçilər isə maskadan istifadə etməyə bilərlər. Hər birimizdən tələb olunan məsələ qaydalara əməl etməkdir”.

Şöbə rəisi əlavə edib ki, bu məsələdə restoran sahibinin də üzərinə məsuliyyət düşür: “Təşkil olunacaq toy və nişan mərasimi barədə restoran sahibi mərasimin vaxtından ən azı 5 gün öncə qonaqların sayı və məclisin müddəti barədə portala məlumat daxil etməlidir. Bununla yanaşı, restoran sahibi və toy təşkilatçıları iltizam imzalayır. Həmin iltizamla onlar məclisdə qaydalara əməl olunmaqla bağlı öhdəlik götürürlər. Həmin öhdəliyə görə də toy sahibləri və restoran yiyəsi məsuliyyət daşıyır. Bu qaydalar pozulacağı təqdirdə öhdəlik götürən şəxslər qanunvericiliyə uyğun cəzalandırılacaq. Toy edən şəxs 150 nəfərdən artıq qonaq çağırmamalıdır”.

Polis mayoru vurğulayıb ki, bununla bağlı Daxili İşlər Nazirliyi əməkdaşları və digər nəzarətçi qurumlar mütəmadi monitorinqlər aparacaq. Aşkarlanan hər hansısa qanun pozuntusu barədə ciddi tədbirlər görüləcək.

Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iyulun 1-dən Azərbaycanda toy, nişan, ad günləri kimi mərasimlərin keçirilməsinə icazə verilir.

Teqlər: