Dəccal kimdir ?

Dəccal kimdir ?

Dəccal kimdir?

Bildiyimiz kimi, dini mətnlərdə axirüz-zaman deyilən son dövrün böyük əlamətlərindən biri də, “Dəccal”ın zühur etməsidir. Bu mövzuya toxunduqda ilk öncə insanın ağlına bir neçə sual gəlir: Dəccal kimdir? O nə vaxt zühur edəcək? Zühur etməsində məqsədi nədir? Zühur etdikdən sonra hansı işləri görəcək? Zühur etdikdən sonra əgər mübarizə aparacaqsa, bu mübarizə kimlərə qarşı olacaqdır və s.
Güman edirəm bu və digər suallara cavab tapmaq üçün məsumlardan (ə) olan hədislərə əsaslana bilək inşallah! Mövzuya başlamaq üçün ilk öncə “Dəccal” sözünün mənasını və həmçinin Dəccalın kim olduğunu bilmək lazımdır.
Yəhudilikdə və yəhudi təlimlərində Dəccal sözünün mənası “Allahın düşməni” deməkdir. Bu iki sözdən (“Dəcc” yəni düşmən, anti, zidd və “Al” Tanrı, Allah) təşkil olunur. Burada bir haşiyəni siz əziz oxucuların nəzərinə çatdırmaq yerinə düşər. Yəhudi dilində “Al və İl” sözləri Tanrı, Allah mənasındadır. İsrail sözü də, həzrət Yəqubun (ə) ləqəblərindəndir və “İsra” və “İl” sözlərindən təşkil olunur, “Allahın mücahidi” mənasındadır. Lakin təhrif olunmuş Tövratın təlimlərinə əsasən, İsrail sözünün mənası “Allaha qalib gələn” mənasında işlədilir ki, bu da təhrif olunmuş Tövratda Yəqub peyğəmbərin Allahla güləşməsinə işarədir (“E’lame Quran”, s. 479).
Məsihiliyin təlimlərinə əsasən, Dəccal sözü “Məsih əleyhdarı” (antichrist) mənasındadır. Onların nəzərinə əsasən, axirüz-zamanda İsanın (ə) təlimlərilə düşmənçilik edən şəxs Dəccaldır. “Bəs Məsihi dininin təlimlərinə əsasən Dəccalın həqiqi anlamı nədir?” sualının cavabına gəlincə, bunu demək olar ki, Dəccal İsanın (ə) xüsusi düşməni olan bir şəxsdir. Bəziləri isə ümumilikdə İsa Məsihlə (ə) düşmənçilik edənləri Dəccal bilirlər.