COVID-lə mübarizə aparan tibb işçilərinə maaşlarının 3 mislindən 5 mislinədək əlavə verilir – Agentlik

Xəbər - İlhamə İsabalayeva – Trend:

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə əməkhaqlarına vəzifə maaşlarının 3 mislindən 5 mislinədək olan məbləğdə müddətli əlavə verilir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AzerTimes-ın sorğusuna cavab olaraq, bildirilib ki, tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində əlavə ödənilir. Yeni növ koronavirus infeksiyası ilə mübarizədə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsinə tibb müəssisələrində yaradılmış çağırış üzrə qeydiyyat jurnallarında qeydə alınmış sorğuya əsasən tibbi xidmətləri göstərən ailə həkimləri, sahə həkimi-terapevtlər, sahə həkimi-pediatrlar və orta tibb işçiləri, təcili tibbi yardım xidmətinin və Təcili Yardım Avtobazasının sürücüləri, tibb müəssisələrinin rəhbərləri, stasionar tibbi xidmətə cəlb edildiyi hallar istisna olmaqla, tibb müəssisəsi rəhbərinin müavini – baş həkimlər, COVID-19 infeksiyasına yoluxma ehtimalı yüksək olan xəstələrin təcrid edilməsi üçün istifadə olunan tibb müəssisələrində (qurumlarda, müəssisələrdə, təşkilatlarda) tibbi xidmət göstərən tibb işçiləri, COVID-19 infeksiyası ilə mübarizədə tibbi profilaktik tədbirləri həyata keçirən tibb müəssisələrinin bütün kateqoriyadan olan digər tibb işçiləri daxildir.

Agentlikdən əlavə edilib ki, təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə – aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində əlavə ödönilir. Pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə isə ödənilən əlavənin müddəti aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində müəyyən edilib.

Teqlər: